Sumqayıt şəhərində 27 sentyabr Vətən müharibəsinin Anım Günü ilə bağlı şəhər ərazisində silsilə tədbirlər təşkil olunub.

Bu barədə MİNVAL.İNFO-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhərin müxtəlif küçə və meydanlarında quraşdırılan monitorlarda Vətən müharibəsi şəhidləri haqqında məlumatlar nümayiş olunub. Sumqayıt bulvarının ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada 3000-dən çox ağac əkilib.

Sonra tədbir iştirakçıları Sumqayıtın Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini anıblar.

27 sentyabr – Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlər xiyabanında keçirilən anım tədbirində 44 günlük zəfər savaşından söhbət açılıb. Şəhidlərin fotolarından ibarət stend nümayiş olunub. Şəhər rəhbərliyi və digər rəsmi şəxslər həmin stendlərə baxış keçiriblər, şəhid ailələri ilə həmsöhbət olublar.

Sonda mərasim iştirakçıları, şəhid valideynləri şəhidlərin məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

Qeyd edək ki, Sumqayıt Şəhidlər Xiyabanında 510 şəhid uyuyur. Onlardan 112 nəfəri Vətən müharibəsi şəhididir.