Kinematoqrafçılar İttifaqının nəzdindəki Kino Evində Azərbaycanın ilk internet serialı “Sayrışan işıqlar”ın qala gecəsi keçirilib.

Minval.info xəbər verir ki,  Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzuda lentə alınan ekran işi “Sayrışan işıqlar” adlanır. Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev canlandırır. Ekran işinin yaradıcı heyəti  qonaqlarla birlikdə serialın ilk bölümünü izlədikdən sonra fikirlərini bölüşüblər.

Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy  bildirib ki, internet serialın izləyicilər tərəfindən maraqla qarşılanacağına inanır: “Bu addımı atmaq peşəkarlıqla yanaşı cəsarət tələb edirdi. Çünki izləyicinin yerli filmlər barədə ümidləri tükənib. Buna baxmayaraq ətrafımda olan sadiq və işinin peşəkarı olan dostlarla birlikdə “Sayrışan işıqlar” bədii internet serialını ərsəyə gətirdik. Ssenari yazılan zaman müasir izləyici psixologiyasını əsas götürdük. Xüsusilə yutub izləyici psixologiyasını araşdıraraq ona uyğun ssenarini yazdıq. Filmin hisslərə toxunacağını bilirdim, amma qala gecəsində zalda demək olar ki, hər kəsin ağlaması bir daha məni əmin etdi. Düşünürəm ki, film psixologiyanın predmetidir və bacardığım qədər filmə psixologiyanı tətbiq edirəm. Məqsədimiz sadəcə serial çəkib internetə yüklənmək deyil. Biz Azərbaycan film sektorunda yeni cığır, yeni yol yaratmaq istəyirik. Əlbəttə ki, bunun Azərbaycan kino sahəsinə böyük qatqısı olacaq. İnternet serialı olduğu üçün işimiz sosial şəbəkələrdə paylaşımlardan keçir. Nə qədər çox paylaşılsa, bir o qədər effekt əldə edəcəyik. Və bu tək bizim deyil, Azərbaycan kinosunun qazancı olacaq. Hazırda paralel olaraq komediya və detektiv janrında internet serialı üzərində çalışırıq. Bununla yanaşı sırf yeniyetmələrə xitab edəcək layihənin də ilkin addımlarını atmışıq. 2020 Azərbaycan filmi üçün dirçəliş ili olacağına əminəm. Çünki əvvəllər sponsorlar internet üçün çəkilən işlərdən qaçsalar da, indi daha isti münasibət göstərirlər”.

Seriaın baş rol ifaçısı, aktrisa Aysel Nazim ekran işinin uğurlu olacağına inandığını deyib: “İlk dəfə təklifi eşidəndə tərəddüdlərim oldu, amma Zaurun bacarığına əmin olduğum üçün qəbul etdim. İlk bölümün çəkilişləri maraqlı keçdi. Həkim obrazını heç vaxt canlandırmamışdım, mənim üçün də fərqli təcrübədir.

Digər həmkarlarımız, dostlarımız da sosial şəbəkələrə, yutuba üstünlük verirlər. İnanıram ki, internet seriallarının sayı artacaq və sponsorlar tərəddüd etmədən bu işlərə qol qoyacaqlar”.

Aktyor Rəşad Kəsəmənli isə serialın çəkilişlərinin maraqlı və həyəcanlı keçdiyini deyib. O bildirib ki, Azərbaycan tamaşaçısı real həyat hekayələri izləyəcəklər və ekran işində bir çox səhiyyə, həkim-pasient problemləri canlanandırılacaq.

 

Qeyd edək ki, serilda əsas obrazlarda Nalati, Kərəm Hadızadə, Eva Elvidə, Sədaqət Oktay və digərləri canlandırır. Filmin quruluşçu operatoru Elvin Əsgərov, köməkçi rejissor qismində Böyükağa Əliyevsəs rejissoru Vüqar Sübhandır.