19.10.2026 - 14:43
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Mədəniyyət 220 baxış

XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?

Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Bu tədbirə dair oktyabrın 19-da mətbuat konfransı təşkil olunub.

Konfransda çıxış edən Mədəniyyət Nazirliyi Media ilə iş sektorunun əməkdaşı Rəvanə Abdullayeva bildirib ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə keçiriləcək sərgidə 32 xarici ölkədən 59 təşkilat, həmçinin 148 yerli nəşriyyat və kitab sənəti müəssisəsi təmsil olunacaq. Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu əlavə edib ki, kitab sənayesi ilə bağlı yeni vəzifələr müəyyənləşdirilib və bu sahədə hüquq və öhdəliklər yenidən tənzimlənəcək.

Mədəniyyət Nazirliyi Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas vəzifələrindən olan Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində işlərin davam etdirildiyini qeyd edib.

Sərgidə Azərbaycanın xalq yazıçıları və tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, İngiltərə, Polşa və digər ölkələrdən görkəmli yazarlar iştirak edəcək. Sərginin yerli fəxri yazarları Sabir Rüstəmxanlı və Reyhan Yusifqızı, xarici fəxri yazarları isə Sərinuş Sənii və Darren Simpson olacaq.

SOCAR-ın tərəfdaşlığı ilə keçiriləcək sərgidə 300-dən çox tədbir, o cümlədən kitab təqdimatları, imza günləri və qiraət saatları təşkil ediləcək. “Ən çox oxunan müəllif – 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə də keçiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: