Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq müşahidəçi kimi akkreditasiyası ləğv edilən Aygün Attar REAL TV-yə müsahibə verib. 

O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) qərəzli mövqeyindan çox narahat olub.

“Mən bunu yazılı şəkildə ATƏT-in müşahidə missiyasının rəhbərinə bildirdim. Həqiqətləri elmi-nəzəri və sənədli şəkildə ifadə etdiyim üçün narahat oldular”, – deyə A.Attar qeyd edib.

O, ATƏT-in vəzifələrini xatırladıb:

“Mən deyirdim ki, ATƏT öz vəzifəsini icra etməlidir. Bunu iki paraqrafda yazdım. ATƏT-in tərəfsiz olması lazım idi, amma tərəf tuturdu. Dedim ki, radikal və müxalif fikirləri həqiqət kimi təqdim edə bilməz. Onu da bildirdim ki, Azərbaycanın daxili siyasəti və xüsusilə etnik kimliklərlə bağlı bir söz deyə bilməz. Mən bunları maddə-maddə yazdım”.

A.Attarın sözlərinə görə, ATƏT-in müşahidə missiyasına xatırladıb ki, bütün beynəlxalq müşahidəçilər Azərbaycan xalqının seçiminə hörmət etməlidir, yönləndirməli deyil.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında ATƏT DTİHB-in müşahidə missiyasının müraciətinə baxılıb.

Müraciətə əsasən, Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçi Aygün Attarın akkreditasiyasını ləğv edilib.

Qeyd edək ki, A.Attar ATƏT-in qısamüddətli müşahidəçisi idi.