Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova ilk olaraq ABŞ prezidenti Co Baydeninin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə münasibətini ifadə etdi.

“106 il bundan əvvəl ermənilərin guya soyqırıma məruz qaldığı ilə bağlı iddia Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olub. Tarixi faktlar və sənədlər sübut edir ki, Osmanlı ərazisində ermənilərin sohyqırıma məruz qoyulması barədə iddia cəfəngiyat və şoudur”, deyə, S.Qafarova bildirdi.

Spiker qeyd etdi ki, 20-ci əsrin əvvəllərində yüz minlərlə azərbaycanlılar, türkllər ermənilər tərəfindən məhv edilib. Azərbaycan xalqına qarşı soyqırım baş verib, ermənilər Bakıda, Şamaxıda və digər ərazilərdə on minlərlə azərbaycanlını qətlə yetirib. “Əslində soyqırım baş vermişdir, amma bu cinayətin qurbanları azərbyacanlılar olub. 29 il bundan əvvəl ermənilər Xocalı şəhərində soyqırım törədiblər. 613 dinc sakin qətlə yetirilib”, Sədr əlavə etdi.

Spiker bildirdi ki, Xocalı faciəsi kimi real soyqrıma göz yumanların saxta “erməni soyqırımı” haqda iddia irəli sürməsi sadəcə təəssüf doğurur. S.Qafarovanın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, erməni soyqırımı ifadəsi tarixi fakt deyil, sadəcə bir fikirdir. Spiker bildirdi ki, arxivlərin açılması ilə bağlı Türkiyənin mövqeyi olsa da, ermənilər obyektivlikdən uzaq mövqe sərgiləyiblər. “Azərbaycan dövləti və hökuməti hər zaman olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanındadır”, deyən S.Qafarova əlavə etdi ki, cənab Prezident bir daha bu məsələdə mövqeyini ifadə edib, cənab Ərdoğanla telefon danışığında qardaş dövlətin yanında olduğunu bildirib.

S.Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri M.Şentopla telefon danışığında bu məsələ ilə bağlı Azərbaycan parlamentinin mövqeyini ifadə etdiyini bildirdi. Həmçinin Azərbaycan XİN-in prinsipial mövqeyini xatırlatdı. Ardınca Fransa Senatının sədrinin İrəvanda böyük bir yanlışlığa imza atmasından bəhs etdi.