Məlum olduğu kimi, bu gün Rusiya sülhməramlı qüvvələrinin Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırdıqları video yayılıb.
Bəlli olub ki, həmin kadrlar 15 iyun 2023-cü il tarixdə qeydə alınıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insident baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı. Lakin o an lentə alınmış görüntülər indiyə qədər yayılmamışdı. Məhz iyulun 7-də video kadrların yayımlanması Azərbaycan ictimaiyyətində kəskin etiraza səbəb olub.
Musavat.com bildirir ki, bayrağımıza həqarətlə bağlı deputat Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyası tələb irəli sürüb.
Təşkilat bəyanatında Rusiya Müdafiə Nazirliyinin dövlətimizdən və xalqımızdan üzr istəməsinə çağırış edib. VHP-nin yaydığı bəyanatda deyilir ki, Zəfər Savaşında qəhrəman ordumuz qarşısında təslimçilik sazişi bağlayan erməni separatizmi xarici himayədarları hesabına yenidən fəallaşır. “Bu baxımdan ən aktiv mövqedə “sülhməramlı” missiyasını yerinə yetirməli olan rus hərbi birləşmələridir. Əgər Rusiyanın sülhməramlı qüvvələri bölgədə erməniyanlı mövqe tutmasaydı, indi Azərbaycanın öz ərazi bütövlüyü tanındığına görə bütün ərazisi üzərində suverenliyini bərpa etmiş olardı”,_ deyə bəyanatda vurğulanır.
Bəyanatda təəssüflə bildirilir ki, ərazilərimizin bir hissəsində rus qoşunları qalıb və onlar da işğalçı dövləti, Ermənistanı və Ermənistanın bu ərazidə olan bir ovuc separatçılarını müdafiə edirlər: “Rus hərbi birləşmələrinin bölgədəki erməni separatçılarını hər cür himayə etməsi haqda konkret faktlar var. Rusiya sülhməramlı qüvvələrinin harınlığı elə bir həddə çatıb ki, Laçında Həkəri çatının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıb və bayrağımıza qarşı təhqiramiz davranıblar.
Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni hiddətlə pisləyir. Dövlət Bayrağımızın işğal olunmuş ərazilərdə ucalması uğrunda qəhrəman əsgərimizin qanı tökülüb. Son aylar dəfələrlə baş verən erməni təxribatlarını sadəcə müşahidə edən sülhməramlıların bayrağımıza qarşı bu cür davranışı dövlətimizə və milli heysiyyatımıza həqarətdir. VHP olaraq Rusiya Müdafiə Nazirliyindən baş vermiş hadisəyə görə dövlətimizdən və xalqımızdan üzr istəməsini tələb edirik”.