03.09.2026 - 14:16
Ölkə 13 baxış

Sabir Rüstəmxanlı gənclərlə ədəbiyyat söhbətində

Sumqayıt şəhərində Azərbaycanın Xalq şairi və tanınmış ictimai-siyasi xadimi Sabir Rüstəmxanlı ilə gənclərin görüşü keçirilib. Bu tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə baş tutub. Görüşdə ədəbiyyat, tarix, milli düşüncə və gəncliyin cəmiyyətdəki rolu ətrafında maraqlı müzakirələr aparılıb.

Minval.info xəbər verir ki, tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyat və mədəniyyət adamları, yaradıcı gənclər və fəal oxucular iştirak ediblər. Görüşdə Sabir Rüstəmxanlının zəngin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və uzun illər ərzində davam etdirdiyi ictimai fəaliyyəti barədə danışılıb. Xalq şairi gənclərlə söhbətində həyatının müxtəlif mərhələlərindən, ədəbiyyata gəlişindən və yaradıcılıq axtarışlarından bəhs edib.

Söhbətin əsas mövzularından biri Azərbaycanın milli azadlıq hərəkatı və ölkənin yaxın tarixi olub. Sabir Rüstəmxanlı, həmin tarixi proseslərin fəal iştirakçılarından biri kimi, yaşadığı dövrün ictimai-siyasi mənzərəsi və xalqın milli özünüdərk prosesinin güclənməsi ilə bağlı xatirələrini gənclərlə bölüşüb. O, Azərbaycanın dövlət müstəqilliyinə gedən yolunda baş verən mühüm hadisələrdən söz açaraq tarixi yaddaşın qorunmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə ədəbiyyatın cəmiyyət həyatındakı yeri də geniş müzakirə olunub. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti, çağdaş ədəbi proses və milli ədəbi irsin qorunması barədə fikirlərini iştirakçılarla bölüşüb. Xalq şairi ədəbiyyatın yalnız estetik zövq formalaşdıran bir sahə olmadığını, eyni zamanda xalqın yaddaşının, dilinin və milli kimliyinin yaşadılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Söhbət zamanı gənclərin ədəbiyyata münasibəti, müasir dövrdə mütaliə vərdişlərinin dəyişməsi və bədii kitaba marağın artırılması məsələlərinə də toxunulub. Sabir Rüstəmxanlı gənclərin milli ədəbiyyatın təbliğində fəal iştirakının vacibliyini vurğulayıb və müasir informasiya və kommunikasiya imkanlarının bu sahədə yeni imkanlar yaratdığını qeyd edib.

Tədbirin maraqlı məqamlarından biri də Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan hissə olub. Gənclər Xalq şairinin müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndirərək onun poeziyasının vətən, xalq, milli kimlik və azadlıq ruhunu əks etdirən nümunələrini iştirakçılara təqdim ediblər.

Görüş səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Gənclər Sabir Rüstəmxanlıya müxtəlif mövzularda suallar ünvanlayıblar. Xalq şairi gənclərin suallarını ətraflı cavablandıraraq onlara daim mütaliə etməyi, milli tarixə və ədəbiyyata dərindən bələd olmağı tövsiyə edib.

Tədbir iştirakçıların Sabir Rüstəmxanlı ilə xatirə şəkilləri çəkdirməsi ilə başa çatıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: