10.09.2026 - 14:25
Ölkə 14 baxış

Rusiyanın yeni rüsumu: Azərbaycanda buğda bahalaşacaq?

Rusiya liman logistikasının pozulması nəticəsində ölkədən xaricə yeni taxıl məhsulu ixracı çətinləşib. Bu vəziyyət daxili bazarda kənd təsərrüfatı məhsullarının artıqlığına səbəb olub. Nəticədə, Rusiyada buğda, arpa, günəbaxan və soya paxlasının qiymətləri son bir həftə ərzində 3,3-8,5 faiz, son bir ildə isə 40 faizdən çox azalıb.

Minval.info xəbər verir ki, Rusiyanın müvafiq qurumlarının açıqlamalarına görə, 1-20 avqust tarixləri arasında taxıl ixracı 2,5 dəfə azalaraq 1,4 milyon tona düşüb, buğda ixracı isə 2,6 dəfə azalıb. Sentyabr ayında isə ixracın daha 52,1-62,5 faiz azalaraq 1,8-2,3 milyon tona düşəcəyi gözlənilir ki, bu da 2010-cu ildən bəri ən aşağı səviyyədir.

Rusiyanın mühüm taxıl ixracatçısı olduğunu nəzərə alsaq, bu vəziyyət dünya taxıl bazarına ciddi təsir göstərə bilər. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirib ki, Qara dəniz limanlarında logistikada yaranan problemlər dünya birjalarında buğdanın qiymətini kəskin artırıb. Son bir ay ərzində buğdanın qiyməti Çikaqo birjasında 17,2 faiz artıb. Qara dəniz limanlarından dünya bazarına illik 50 milyon ton buğda çıxır ki, bu da dünya bazarına çıxarılan bütün buğdanın 25 faizi deməkdir.

Ekspert əlavə edib ki, ABŞ-də quraqlıq səbəbindən buğda istehsalı azalıb, Qazaxıstanın buğda istehsalı isə 19 milyondan 13 milyon tona düşüb. Nəticədə, bu ölkələr buğda ixracına qadağa qoyub. Bu amillər də buğdanın bahalaşmasına səbəb olub və bu vəziyyət payız-qış mövsümündə də davam edəcək.

Vahid Məhərrəmovun fikrincə, Rusiyada ixracla bağlı yaşanan problemlər Azərbaycana ciddi təsir etməyəcək. Çünki Azərbaycanla logistika məsələsində problem yoxdur və istənilən vaxt buğda ixracı həyata keçirilə bilər. Lakin Rusiyanın bu vəziyyətdən faydalanaraq ixrac etdiyi buğdaya xüsusi rüsum tətbiq etməsi ehtimalı var. Bu halda, Azərbaycana ixrac edilən buğdanın qiyməti də arta bilər. Azərbaycan son 3 ayda buğda idxalını azaldıb, lakin indiki şəraitdə buğda idxalına ehtiyac yenidən arta bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: