28.07.2026 - 13:38
Hərbi xəbər 39 baxış

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK İDDİA

Vaşinqton rəsmilərinin Moskva və Pekinin İrana heç bir hərbi dəstək verməyəcəyinə dair nikbin bəyanatlarına baxmayaraq, beynəlxalq müstəvidə bu məsələ ilə bağlı ciddi şübhələr və qorxular qalmaqdadır.

Digər tərəfdən, kəşfiyyat məlumatları Çinin Rusiya-Ukrayna müharibəsini sadəcə kənardan izləmədiyini, gələcək irimiqyaslı hərbi ssenarilər üçün Qərbin taktikasını dərindən öyrəndiyini sübut edir. Ukrayna cəbhəsində toplanan hərbi təcrübənin gələcəkdə Tayvan adası ətrafında yarana biləcək qlobal böhranda tətbiq olunacağı barədə müzakirələr sürətlə güclənir.

Minval.info xəbər verir ki, mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu regionda baş verən pərdəarxası gəlişmələri və böyük güclərin gizli gedişlərini şərh edib.

Politoloq ABŞ prezidenti Donald Trampın Moskva və Pekindən aldığı silahsızlandırma vədlərinin reallığı əks etdirmədiyini diqqətə çatdırıb:

“ABŞ prezidenti Donald Tramp son açıqlamalarının birində bəyan etdi ki, Rusiya və Çin liderləri İrana silah və hərbi texnika verməyəcəklərini ona şəxsən vəd ediblər. Lakin bu vədin yerinə yetiriləcəyi son dərəcə problematikdir. Rusiya və Çin İranın ABŞ qarşısında diz çökməsini, bölgədə qüvvələr nisbətinin Ağ Evin xeyrinə dəyişməsini əsla istəmirlər və bunun baş verməməsi üçün Tehrana hər cür gizli dəstəyi davam etdirirlər. Hətta güclü şübhələr var ki, İranın Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına vurduğu dəqiq zərbələr məhz Rusiya və Çin peyklərindən ötürülən məxfi kəşfiyyat məlumatları sayəsində mümkün olub”.

E.Şahinoğlu iyulun 24-də Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclası çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə çinli həmkarı Vanq Yi arasındakı kritik görüşə də toxunub. Politoloq qeyd edib ki, İran Hörmüz boğazındakı gərginliyə görə ABŞ-ni ittiham etsə də, əslində SEPAH-ın tankerlərə atəş açması müharibəni yenidən alovlandırıb. Abbas Əraqçi çinli həmkarı ilə görüşdə ABŞ raketlərinin İrandakı həyati vacib infrastruktura ağır zərbə vurduğunu etiraf edib və Pekindən dəstək istəyib. Çin tərəfi isə ümumi sülh çağırışları etsə də, pərdəarxasında İranın çöküşünə imkan verməyəcək.

Çin ordusu Rusiya poligonlarında: Tayvan üçün Ukrayna dərsləri

E.Şahinoğlu Rusiya ilə Çinin hərbi sahədəki gizli inteqrasiyasına dair nüfuzlu “The Economist” nəşrində dərc olunan hesabatları da analiz edib. Qərb kəşfiyyatının gizli sənədlərinə istinad edən məqalədə Rusiyanın Ukrayna müharibəsində topladığı unikal döyüş təcrübəsini Çin ordusu ilə bölüşdüyü ifşa olunub:

“Məlumata görə, Çin hərbçiləri Rusiyanın Volqoqrad şəhəri yaxınlığındakı hərbi poliqonlarda xüsusi təlimlər keçirlər. Çin hərbi komandanlığı Rusiya-Ukrayna müharibəsinin gedişini yerindəcə tədqiq etməyə üstünlük verir. Onlar həmçinin Ukrayna ordusunun özündən qat-qat güclü rəqibə qarşı müqavimət strategiyasını, Qərb silahlarının effektivliyini kənardan diqqətlə analiz edirlər. Bütün bu tədqiqatlar Pekinə ona görə lazımdır ki, gələcəkdə Tayvan adasını hərbi yolla nəzarətə götürmək istəsə, ABŞ və müttəfiqləri tərəfindən qarşısına çıxa biləcək bütün riskləri və hərbi ssenariləri indidən hesablaya bilsin”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: