Yanvar ayının 28-də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə General Şıxlınski küçəsində görüş keçirib.

Rauf Arifoğlu ərazinin problemlərindən məlumatlı olduğunu və bu məsələlərin dövlət qurumları qarşısında qaldırıldığını bildirib. O, ərazidəki şəhidlər abidəsinin və ətrafının abadlaşdırılması ilə bağlı razılıq aldığını, mart ayından etibarən işlərin başlayacağını açıqlayıb. O, qeyd edib ki, həm də bir media rəhbəri olaraq bütün dövlət qurumları qarşısında məsələ qaldırmaq, sorğu göndərmək, görülən işlərə nəzərət etmək imkanına malikdir.

Namizəd vətəndaşları narahat edən problemlərin zirzəmi, dam örtüyü, yolların asfaltlanması və sair ilə bitmədiyini, insanların işsizlikdən, pensiya yaşının yuxarı olmasından, marşrut problemindən, ərazidə bankomatın olmamasından əziyyət çəkdiyini qeyd edib.

R.Arifoğlu bildirib ki, o, aidiyyatı qurumlarda sözü keçən bir insandır və belə bir namizədin dairədə olmasını dəyərləndirmək lazımdır. Namizəd seçiciləri fevralın 9-da məntəqələrə gedərək səs verməyə çağırıb və ona səs verənlərin qarşıdakı 5 ildə təkcə qalmayacağını bildirib. O, keçdiyi mübarizə yolundan, milli azadlıq hərəkatında və vətən uğrunda savaşda, milli mətbuatımızın inkişafındakı rolundan danışıb.

30 il ərzində ölkə üzrə işıqlandırılan problemlərin miqyasını ifadə edən Rauf Arifoğlu son bir ayda Xətai rayonundan onlarla reportajın hazırlandığını, qaldırılan məsələlərin həllini tapdığını qeyd edib, qarşıdakı 5 ildə də bu prosesin dəyişməyəcəyini vurğulayıb. Dairə ilə bağlı iqtisadi inkişaf proqramı və platforma hazırlandığını deyən R.Arifoğlu qarşıdakı illərdə qeyd olunan problemlərin həllinin reallaşacağına söz verib.

“Azərbaycan insanının maraq və mənafeləri indi də, parlamentdə olarkən də mənim üçün öndə gəlir” – deyən R.Arifoğlunun çıxışı vətəndaşların da müsbət reaksiyası ilə qarşılanıb.

“Ayağımız yüngül, sözümüz ağırdır. Yaxın günlərdə hər şey dəyişəcək və biz sizinlə daha böyük məsələlərdən danışacağıq” – deyə davam edən namizəd, hər zaman dövlət qurumları qarşısında vətəndaşların hüquqlarını müdafiə edəcəyini, hazırda da bu istiqamətdə təsisçisi olduğu “Yeni Müsavat”ın kollektivi ilə birgə çalışdığını deyib. 21 ildir ki, Xətaidə yaşayan R.Arifoğlu bütün problemlərin öhdəsindən birlikdə gələcəklərini əlavə edib.

Sakinlər isə söz alaraq, ərazidə marşrut xəttinin məhdud olmasından, yeganə marşrut olan 36 nömrəli avtobusların çox böyük intervalla işləməsindən, əvvəllər işləyən 247 nömrəli marşrutun bərpasını istədiklərindən bəhs ediblər. Onlar həmçinin çənlərin götürülməsindən sonra daimi su verilmədiyini, ərazidə bankomat olmadığını, liftlərin qəzalı vəziyyətdə olduğunu deyiblər.

Vətəndaşlar onları təmsil edən bir deputatın Milli Məclisdə qanunların qəbul olunması zamanı sadə insanların mənafeyini müdafiə etməsinin və məqamı gəldikdə etiraz etməyə cəsarəti olan, sözünü deyə bilən bir şəxs olmasının vacibliyini qeyd ediblər. Onlar Rauf Arifoğlunun bu kimi liderlik keyfiyyətlərinə malik olduğunu əlavə edərək, məhz bu səbəbdən fevralın 9-da ona səs verəcəklərini diqqətə çatdırıblar.

Nərgiz LİFTİYEVA
Fotolar: Elçin ƏKBƏROV
Musavat.com