Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında çıxış edərkən parlamentin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı barədə təkliflərini səsləndirdi. “Təklif edirəm ki, Milli Məclisin komitələri haqqında yeni qanun qəbul olunsun”,-deyən deputat Milli Məclisin daxili nizamnaməsinə dəyişiklik edilməsini də zəruri saydı.

Q.Həsənquliyev Milli Məclisin komitələri ilə bağlı məsələyə yenidən baxılmasını təklif etdi: “Hesab edirəm ki, biz Milli Məclisdə Qarabağ komitəsi yaratmalıyıq”.

Q.Həsənquliyev həmçinin bildirdi ki, parlamentdə işğal olunmuş ərazilərlə bağlı qərar qəbul etməlidir.

Deputat komitə sədrinin müavini vəzifəsinə seçilməsi ilə əlaqədar minnətdarlıq etdi və ona göstərilən böyük etimada görə minnətdarlığını bildirdi.

Bundan sonra Q.Həsənquliyev mərkəzi icra hakimiyyəti orqanlarının parlamentə dəvət olunması ilə bağlı məsələnin də qanunvericiliyə salınmasını vacib saydı.

Q.Həsənquliyev ölkənin Baş prokuroruna ünvanladığı deputat sorğusunu da səsləndirdi, bldirdi ki, sorğu tütün məmulatlarının reklamı ilə bağlı qanunun pozulması barədədir. Sorğuda bildirilir ki, koronavirusdan ölüm faktları daha çox siqaret çəkən şəxslər arasında olur. Odur ki, siqaretin reklamı ilə bağlı qanunun pozulması hallarına qarşı mübarizəyə çağırış ifadə olunur. Q.Həsənquliyev Dövlət Reklam Agentliyinin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməməsinin səbəbləri barədə də sualını ünvanlayıb və lazımi tədbirlər görülməsini xahiş edib.