Nə qədər qorumağa cəhd etsək də, uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, yuyulmamış meyvələr yeyirlər. Bu isə təhlükələrə yol açır, bəzən hətta ölümə belə səbəb olur.

Elmi araşdırmalara əsasən, 10 yaşına qədər olan bütün uşaqlar helmintlərə (qurdlara) yoluxur. Uşaqların əksər halda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxduqları bildirilir. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmint parazitlik edə bilər. Helmintlər uşağın immunitetinin azalmasına, allergiyalara, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Bütün orqan və toxumaları zədələyən parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.

Ona görə də mütəxəssislər hesab edirlər ki, valideynlər helmintlərlə yoluxma təhlükəsini yaddan çıxarmamalı, uşağın gigiyenasına nəzarət etməli, uşağı gigiyena qaydalarına riayət etməyə öyrətməlidir.

Ancaq profilaktikaya əməl edilməsi heç də bütün halda uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bəzən aparılan müayinələr zamanı orqanizmdə olan helmintləri aşkara çıxarmaq mümkün olmur. Alimlərə görə, çox vaxt helmintozun diaqnostikası məqsədi ilə aparılan müayinələr yoluxma olduğunu təsdiq etmir.

İnfeksionist-helmintoloq Azər Nağıyev deyib ki, helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim məsləhəti ilə bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsi aparılmalıdır.

İnsanlarda 250-ə qədər helmint növü aşkar edilib. Onlardan 65-i ölkəmizdə qeydə alınıb. Lyamblioz isə Azərbaycanda ən çox görünən qurd növündən biridir.

Mütəxəssisin sözlərinə görə, hər regionun özünə uyğun parazitləri var: “Həmin parazitlərin bir hissəsi insan orqanizmi üçün praktik əhəmiyyət daşıyır. Onlarsız yaşamaq çox çətin olar. İnsanlar parazitlərlə birgə simbioz həyat tərzi keçirir. Yəni onlar bizim orqanizm hesabına yaşayırlar. Bəziləri isə, el dili ilə desək, bu birgə həyatda bizə qarşı naxələflik edirlər. Buna qarşı da tədbir görmək lazımdır. Məsələn, exinokoklar. Onlar çox ciddi problemlər yarada bilir”.

Həkim deyir ki, parazitlərin orqanizmə həyati təhlükəsi az hallarda olur. Onun sözlərinə görə, əsasən yaş qruplarına diqqət etmək lazımdır: “Məsələn, qurdlar əsasən bağça və orta məktəb yaşında uşaqlarda olur. Gənclər arasında da rast gəlmək mümkündür. Amma 60 yaşında adamda qurd axtarmaq mənasızdır, çünki onlar artıq əhəmiyyətini itirib. Gənc yaşda exinokokları müalicə edirik. Bəzən isə müalicə nəticə verməyəndə əməliyyata ehtiyac yaranır. Parazitlər ölümə də səbəb ola bilər. Məsələn, parazit beyində, ürək əzələsində olarsa, insanı öldürə bilər. Eyni zamanda qaraciyərdə və ya ağciyərdə çoxlu sayda parazit toplanarsa və ölçüləri böyük olarsa, həmin orqanın funksiyasını pozub həyati təhlükə yarada bilər”.

Həkim onu da deyir ki, bütün bunlarla yanaşı, bədənimizdə yaşayan xeyli faydalı orqanizm də var, onların faydası düşündüyümüzdən də çoxdur: “İnsan orqanizmdə 3 cür mikrob var – patogen, şərti patogen və qeyri-patogen. Patogenlər xəstəlik törədir. Məsələn, elə mikroblar var ki, bədənə düşdüsə, birmənalı olaraq xəstəlik törədəcək. Mikroblar var ki, bədənimizdə daimi yaşayır və bizə xeyirlidir, hətta həyatımızı təmin edirlər. Şərti patogen olanlar isə normalda bizə faydalı olsa da, müəyyən şəraitdə ziyan vura bilirlər. İnsan doğularkən hər hansı canlı ilə birgə doğulmur, bəzi halda anada olan mikroblar, qurdlar uşağa keçir. Bətn daxilində uşaq bunların hamısından mühafizə olunur. Parazitlərin əksəriyyətini insanlar doğulduqdan sonra həyatda qazanırlar. Ona görə də gigiyenik qaydalara diqqət etmək əsas şərtlərdən biridir”.(milli.az)