04.09.2026 - 13:31
Ölkə 17 baxış

Həkimlərin maaşı pasiyent məmnuniyyətinə bağlı olacaq

Azərbaycanda 72 mindən çox tibb işçisinin əməkhaqqının artırılması üçün illik əlavə 189 milyon manat, yaxud ayda 15,75 milyon manat vəsait ayrılacaq. Bu artımlar müxtəlif kateqoriyalar üzrə fərqlənəcək. Ailə və sahə həkimlərinin maaşı 74%, bəzi təcili yardım həkimlərinin maaşı 61%, regionlarda uşaq anestezioloq-reanimatoloqlarının maaşı isə 107%-ə qədər artacaq. Beləliklə, həkimlərin aylıq əməkhaqqı 2 000–3 000 manat səviyyəsinə yüksələcək.

Minval.info xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bu artımların regionlar üçün xüsusi stimulların tətbiqi ilə müşayiət olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Bakı ilə müqayisədə regionlarda tibbi xidmətlərin imkanları və ixtisaslı həkim təminatı baxımından ciddi fərqlər mövcuddur. Kadr çatışmazlığı olan regionlarda müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin regionlara cəlb olunması baxımından doğru yanaşmadır.

Əmirovun fikrincə, bu islahatın ən maraqlı tərəfi həkimlərin stimullaşdırıcı ödənişlərinin pasiyent məmnunluğundan asılı olmasıdır. Pasiyentlər xidməti 1-dən 5-dək qiymətləndirəcək, aylıq orta göstərici hesablanacaq və nəticədən asılı olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8-1,2 əmsalı tətbiq ediləcək. Bu, həkimin maaşının 20% artmasına və ya azalmasına səbəb ola bilər. Məsələn, aylıq stimullaşdırıcı ödənişi 2 500 manat olan həkim üçün 0,8 əmsalı bu məbləği 2 000 manata endirəcək, 1,2 əmsalı isə 3 000 manata qaldıracaq. Beləliklə, eyni baza göstəricisinə malik iki həkimin yalnız pasiyent məmnuniyyətinə görə aylıq ödənişi arasında 1 000 manat, illik isə 12 000 manat fərq yarana bilər.

Bu yanaşma, dövlət xidmətlərində əməkdaşların gəliri ilə xidmət keyfiyyəti arasında düzgün əlaqə qurulması ilə xidmət səviyyəsinin yüksəlməsinə ciddi təsir edə bilər. Əsas məsələ, pasiyent məmnunluğunun obyektiv və geniş qiymətləndirməyə əsaslanan sistem üzərində qurulmasıdır ki, bu da manipulyasiya imkanlarını minimuma endirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: