Qida etiketlərində allergenlər üçün yeni qaydalar
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası tərəfindən qida məhsullarının etiketlərində allergenlərin göstərilməsinə dair yeni tələblər təsdiq edilib. Bu qərar, “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı”nın müəyyənləşdirilməsi ilə əlaqədardır.
Minval.info xəbər verir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yeni sənədlə qida məhsullarının istehsalı zamanı istifadə olunan və hazır məhsulda mövcudluğunu saxlayan, allergiya və ya dözümsüzlüyə səbəb ola bilən maddələr müəyyənləşdirilib. Siyahı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları və beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanıb.
Təsdiq edilmiş allergenlər siyahısına qlüten tərkibli taxıllar, xərçəngkimilər, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları, qərzəkli meyvələr, kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfidlər, acı paxla, həmçinin molyusklar daxildir. Qanunvericiliyin tələblərinə əsasən, allergenlər mütləq şəkildə qida məhsulunun etiketində aydın şəkildə əks etdirilməlidir. Bu, istehlakçıya məhsul seçimi zamanı onun tərkibini düzgün qiymətləndirməyə və sağlamlığı üçün yarana biləcək risklərdən qorunmağa imkan verir.
Allergenlərin qida məhsulunda mövcudluğu yalnız əsas xammal və ya inqrediyentlərlə bağlı olmaya bilər. Belə maddələr məhsulun hazırlanması zamanı istifadə olunan digər inqrediyentlərdən, eləcə də istehsal prosesində allergenlərlə təmasda olmuş avadanlıq və digər vasitələrdən məhsula keçə bilər. Bu baxımdan qida məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar məhsulların tərkibində allergenlərin mövcudluğunu düzgün müəyyənləşdirməli və bununla bağlı məlumatların etiketdə əks etdirilməsini təmin etməlidirlər.
Tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə həmin tarixədək məhsulların etiketlənməsi, məhsulların tərkibi barədə məlumatların dəqiqliyinin təmin edilməsi və allergenlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirməyi tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan-Özbəkistan əməkdaşlığı: 1 milyardlıq hədəfi aşır!
Əliyar Əliyev küçəsində avtobuslar niyə yoxa çıxdı?
Şəhərətrafı qatarların hərəkət cədvəli dəyişir!
Qazax-Ələt-Bakı yolunda təmir xaosu: Sürücülər narazı
Bakı yollarında bu gün sıxlıq yaşanır!
Lənkəranda ördək sahibindən ayrılmır!
Kredit borclarına güzəşt: Kimlər faydalana bilər?