Ekspert: “Son illərdə qeyri-neft sektoruna birbaşa investisiyaların artırılması üçün müəyyən işlər görülsə də, buna mane olan fundamental səbəblər qalmaqdadır”

Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyalar azalmaqda davam edir. Belə ki, 2018-ci ildə iqtisadiyyata qoyulan birbaşa investisiyalar 66,8 faiz azalaraq 2,9 milyard dollardan 952,9 milyon dollara düşüb.

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, 2015-ci ildə bu göstərici 4 milyard dollardan çox olub: “2017-ci ildə cəlb edilmiş vəsaitlərin ümumi həcmi 5,7 milyard dollar olub. 2018-ci ildə bu rəqəm 4,1 milyard dollar düşüb – azalma 1,6 milyard dollar təşkil edib. Sektorlara üzrə bölgüyə nəzər yetirsək, görərik ki, azalma həm neft, həm də qeyri-neft sektorunda qeydə alınıb. 2017-ci ildə neft-qaz sektoru üzrə birbaşa investisiyanın qalığı təxminən 2,1 milyard dollar, 2018-ci ildə isə 288 milyon dollar təşkil edib. Bu rəqəm neft sektoru üzrə birbaşa investisiyalardan kapitalın repartriasiyası çıxılandan sonrakı məbləği ifadə edir. Bu fərqin yaranması həm neft sektoruna yatırımların azalması ilə bağlıdır (800 milyon dollar),  həm də çıxan investisiyaların artmasından irəli gəlir”.

Ekspert qeyd edir ki, qeyri-neft sektoruna birbaşa investisiyalarda da son iki ildə azalma prosesi müşahidə olunur: “Qeyri-neft sektoruna investisiyalar 2016-cı ildə 1,7 milyard dollara yüksəlsə də, 2017-ci ildə bu 785,8 milyon, 2018-ci ildə isə 664,3 milyon dollara düşüb. Ötən il azalma 15,5 faiz olub və bu, 2014-cü ildən bəri ən aşağı göstəricidir. Bu azalmanın əsas səbəbi kapitalın repartriasiyasının yüksək olmasıdır”.

S.Əliyevin sözlərinə görə, son illərdə qeyri-neft sektoruna birbaşa investisiyaların artırılması üçün müəyyən işlər görülsə də, buna mane olan fundamental səbəblər qalmaqdadır: “Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların artması üçün investisiya mühiti yaxşılaşdırılmalı, sahibkarların hüquqlarının, ilk növbədə isə mülkiyyət hüquqlarının qorunması, məhkəmələrin müstəqilliyi təmin edilməlidir. Bunlar olmasa xarici sahibkarların qeyri-neft iqtisadiyyatına sərmayə qoyuluşlarını artırmaq mümkün deyil”.