Rauf Arifoğlunu həyatda uzaqdan min dəfə, yaxından iki dəfə görmüşəm: biri cavan vaxtlarım idi, yazı aparmışdım: nəsə redaktorlar qüsur tapmışdı, yazımı qaytarmışdılar ki, bir özün də bax… Redaksiyanın kandarına (deyəsən, kandarına) çıxıb yazıya baxmaqdaykən bir saqqalı oğlan yanımdakı qapıdan içəri girhəhəgirdə soruşdu: şair, sənə oturmağa yer vermirlər? O vaxt ikili hiss keçirdim. Birincisi, beləydi: qayğıkeş adamdı və nə yaxşı ki, mənim şair olduğuimu bilir…. İkincisi, beləydi: bürokratdır, bu qayğıkeşliyi atüstü elədi, yanımda dayanmadı, sanki candərdi elədi…

Hərçənd indi yaş keçir, gənclik iddialarımız elə əvvəldən üfülünmiş şar kimi bircə iynəylə boşalır, hələ doldurulmamış top kimi gərəksiz vəziyyətimizə qayıdırıq…

İkinci dəfə rəhmətlik dostum Ceyhunun Tovuzdakı yasında gördüm: təxminən yarım saat ərzində sakitcə oturdu: heç nə danışmadı… Belə…

İndi nədənsə, Rafiq Tağının yeri göründü: Niyə belə olur? Niyə indu deputatlığa namizədlərin balaca bukletlə gəzdiyi qapıları Rafiq həkim lap balaca resetlərlə gəzərdi?!

Düzü, bilmirəm, nə baş verir. Son vaxtlar bu seçki-meçki məsələlərindən də uzağam. Çün informasiya əsrinə öz baxışım var: sən hətta bir aydan sonra qayıdıb həmin müddət ərzindəki məlumatları bittə-bittə oxusan, nəticədə görərsən ki, bu informasiyaların sənin həyatında həmin müddətdə bi çıqqan da rolu olmayıb…

İllər keçdi… O vaxt “Gündəlik Azərbaycan”da yazılar yazırdım. Rauf Arifoğlu türmədəydi. Yazılarımın birində “başı müsibətlər görmüş Rauf” ifadəsi vardı. Dostlardan biri irad tutur: hər türməyə düşən adam haqda belə yazırsan? Cavab: Yoxdur! Nə cavab?! Bu sualdan sonra cavab varmı?! Bəlkə də cavab belə ola bilərdi: niyə belə suallar var?

Həqiqətən, başı müsibətlər çəkib. Ədalətli olmaq üçün soyuqqanlı olmaq, kütlənin daş-qalaq xislətindən arınmaq lazım gəlir. İşə bax, mən balaca bir şeydən, millətin ümumi dərdinə bəri başda heç bir faydası olmayan bir haldan hələ də qürur duyuram: internatda oxumuşam… İnternatda oxumaq nə deməkdir? Yəni bu yaşacan hər şeyi özüm eləmişəm: arxasız, dayaqsız…

Rauf da bu mənada internat uşağıdır… Amma o məndən fərql… Mən özümçün məişətin alovlarına atıldım.. O, cavan canına qıyanda nəticədə gördük ki, özü üçün deyilmiş…

İndi kim”hara getdi?”. Belə söz-söhbət adamın canını sıxır. Cəfəngiyyatdı: bizim indiki tarix adamları yerbəyer eləmək baxımından heç nəyə yaramır, tarixin tərəzisi “indiki zamanda” heç vaxt düz işləməyib.

Ümumən, məni insanın niyə deputat olmağa can atması həmişə maraqlandırıb. Məsələn, bir insan durduğu yerdə niyə bu qədər əziyyətə qatlaşsın ki: bunun imza toplamağı var, seçicilərlə görüşmək var… Hansından soruşsan, deyəcək ki, xalqa xidmət eləmək istəyirəm… İlk sual da elə budur: bir insan xalqa xidmət eləmək üçün niyə bu qədər canfəşanlıq eləsin ki? İlkin instinkt bu sual qarşısında aciz qalır, soyuqbaşlı düşüncə köməyə gəlir: bizin vətəndə ağlı kəsəndən ömrünü bu yolda çürüdən adamlar olub. Biri də Raufdu. Niyə belə eləyiblər? Yenə ilkin instinktin cavabı yoxdu.

Doğrudan, Rauf əziyyətlər çəkdi. Ömür getdi. Əzablar, ayrılıqlar… Neçə il… Belə adamların, istəsələr də, camaatdan qopmağı çətin olur, bu yaşdan, əlli yaşdan sonra lap çətin olur, sanki vətəndən ayrılırsan: qürbət…

Mən gerçək həyatın romantikasını çox sevirəm. Amma qarşımızda məhz həmin gerçəklik dayanıb: bəzən sovet çörəksizliyinin romantikası da cəlbedici görünə bilir. Bilmirəm, nə olacaq növbəti parlament. Özləri bilər. Bir dəfə şair Xanəmirlə belə söhbətimiz oldu: mən cəmiyyətdən gileyləndim, o isə dedi ki, bu qədər gileylənməkdənsə, köç burdan… Xanəmir gözəl şairdi, həm də beyin adamıdır: amma qəribədir ki, o, məhz dillər əzbəri olan bu şablona əl atmadı: qaranlııqdan gileylənməkdənsə, bir şam yandır…

Raufun indiyə qədər “keçmiş və bu gün” mövzusunda mübahisə elədiyi adamların instinktlərini də anlayıram: nəinki ötəri, hətta keçəri şeylərdir. Sadəcə, başını yuxarı qaldırıb, yerimək lazım. Sən su üstündə gəzə bilmək məharətini göstərmək istəsən də, onsuz da qiymətin belə olacaq: buna bax, üzə də bilmir… Bu barədə çox yazmışam, istəməzdim bu qara mübahisələri davam edək: bundan sonra heç yerə getməyəcəyimiz bu vətəndə içi çox hallarda axmaq, bəzən faydalı təcrübələrlə dolu səydərəşliklər ta bəsimizdi…

Rauf bizim adamdı – ömrü boyu çəkdiyi əzablar bizim əzablardı, bizim yanımızdan ötmüş “tanış” əzablardı…

Salam Sarvan