2022-ci il… Ayşən Hacıyeva Novruz bayramı ərəfəsində özünü asdı, Gülər Məmmədova mayın 14-də özünü binadan atdı, Lətafət İbrahimova 72 yaşında intihar etdi, Həqiqət İsmayılova Şəkidə sirkə turşusu içərək həyatına son qoydu və Xalidə Kəngərli… 38 yaşlı tanınmış həkim özünü 11-ci mərtəbədən ataraq öldürdü… Bunlar hələ yarısını yenicə tamamladığımız 2022-ci ildə Azərbaycanda baş vermiş onlarla qadın intiharından bir neçəsidir. Statistika göstərir ki, qadın intiharlarının böyük əksəriyyəti intihar həddinə çatdırılmanın nəticəsində baş verir. Bəs onları intihar həddinə çatdıranlar kimlərdir? Qadını fotoları ilə şantaj edən sevgilisi, imtahandan az bal topladığına görə qızına təzyiq göstərən valideyn, yoxsa boşanmaq istəyən arvadını ölümlə təhdid edən ər…?

Bir neçə gün öncə həkim Xalidə Kəngərlinin intihar etməsi cəmiyyətdə rezonans doğurdu. Nəticə eyni olsa da, bu dəfə intiharın motivi fərqli idi. X.Kəngərli tanınmış ginekoloq, iqtisadi azadlığı olan ali təhsilli, dünyagörüşlü və intelektli bir xanım idi. Onu intihar həddinə çatdırmaq yəqin ki, ucqar kənddə “boşansam, mənə kim baxacaq” düşüncəsində olan bir qadına görə daha çətin idi. Yaşadıqları kifayət qədər ağır olmalıdır ki, təhsilli, dünya görüşlü bir həkim iki azyaşlı övladını geridə qoyub həyatına son qoymağı gözə alsın.

“Təmiz Dünya” Qadın Sığınacağının rəhbəri Mehriban Zeynalova düşünür ki, bəzi miflər var ki, yalnız təhsilsiz qadınlar zorakılığa məruz qalır, lakin bu çox yalnış bir yanaşmadır: “Rəhbər və ya daha yüksək vəzifədə olan qadınlar da həm fiziki, həm psixoloji zorakılığa məruz qalırlar. Onlar sadəcə öz tutduqları vəzifələrinin nüfuzlarının xatirinə susurlar. Zorakılıq insanda həm də ruhsal olaraq qarışıqlıq yaradır. Bu elə bir haldır ki, qadınların çalışdıqları sahədə peşəkarlıq göstərməsinə də maneə olur və yetəri qədər keyfiyyətli iş görə bilmirlər. Çünki zorakılıq onların həyatını hörümçək kimi bürüyür”.

M.Zeynalova açıqlamasında sadəcə təhsilsizlərin zorakılığa məruz qalması barədə yanaşmanın yanlış olduğunu deyib: “Avropada iş yerlərində işçinin verdiyi əməyin keyfiyyəti məsələsinə hər zaman diqqət yetirirlər, tədqiqatlar aparırlar, işçinin psixoloji vəziyyəti ilə maraqlanırlar. Lazım gəldikdə psixoloq yanına da göndərirlər. Lakin bizdə bu məsələlər böyüdülmür. Şəxsi nüfuzlarına görə qadınlar gördüyü şiddəti gizlədir və belə vəziyyətə gətirib çıxarır”.

Qeyd edək ki, bu il “Təmiz Dünya” Qadın Sığınacağına 218 qadın müraciət edib. Onlardan cəmi 2-si ali təhsilli, qalanları orta təhsilli və ya ümumiyyətlə təhsilsiz qadınlardır.

Məsələnin dövlətin aidiyyəti qurumları tərəfindən necə nəzarətdə saxlanılması da müzakirə mövzsudur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıqova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirir ki, bu sahədəki maarifləndirmə işləri bütün əhali qruplarını əhatə edir: “Komitəyə daxil olan müraciətlər, “860 Gender əsaslı zorakılıqla bağlı dəstək xətti”nə edilən zənglər əsasında mütəmadi olaraq araşdırmalar aparılır. İnsanların cinsindən, sosial statusundan, təhsil səviyyəsindən, yaşadığı ərazidən, üzləşdiyi problemlərdən asılı olmayaraq zorakılığa məruz qalması, intihar etməsi və s. kimi mənfi  hallar  bütün dünyada olduğu kimi bizim ölkədə də mövcuddur. Ölkə daxilində aparılan statistik məlumatlara görə, intihar halları və ya intihara cəhd hallarında kişilərin qadınlara nisbətən sayı, məişət zorakılığına məruzqalma hallarında isə əksinə qadınların kişilərə nisbətən sayının daha çox olması göstərilir. Orta təhsilli insanların, ali təhsilli insanlara nisbətən, işsiz insanların məşğul insanlara nisbətən daha çox zorakılığa məruz qalması halları da statistikada geniş yer alır.

Xüsusilə həssas təbəqədən olan insanlar diqqət mərkəzində saxlanılır. Cari ilin 6 ayı ərzində  Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 11 rayonda müxtəlif mövzularda keçirilən tədbirlərdə 7469 qadın bəhrələnib”.

İnfoqrafikada: 2022-ci ilin ilk beş ayında “860 dəstək xətti”nə daxil olmuş müraciətlərin statistikası

Komitə tərəfindən aparılan araşdırmaya görə, ötən il məişət zorakılığına məruz qalanların 74%-i müxtəlif bədən xəsarətləri aldığını, 54%-i yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34%-i depressiyaya düşdüyünü və özünəinamsızlıq yarandığını, 33%-i özünə qapandığını, 26%-i özündə sosial fobiya hiss etdiyini, 22%-i intihara cəhd etdiyini bildirib.

Komitə rəsmisinin sözlərinə görə, intihar hallarının artımına təsir edən səbəblərdən biri də intihar xəbərlərinin KİV-də yayımlanması formasıdır: “Ekspertlərin əksəriyyəti hesab edir ki, intiharlarla bağlı mətbuatda dərc olunan məlumatların intihar hallarının artmasına təsiri inkarolunmazdır. Təcrübə isə göstərir ki, intiharlarla bağlı xəbərlərdə detallı təsvir əksər hallarda yeni intiharlara təşviqedici təsir göstərir”.

Psixoloq Elmir İsgəndərov isə düşünür ki, intiharın intellektual zəkayla, sosial statusla, maddi azadlıqla və ailə durumu ilə əlaqəsi yoxdur. Hətta o, intiharların ən çox ən yaxşı rifah səviyyəsində olan ölkələrdə qeydə alındığını bildirir: “Dünyada hər 40 saniyədə 1 nəfər həyatını intihara görə itirir. Necə acınacaqlı durumdur… Hər intihar təşəbbüsü əslində bir kömək çağırışıdır. Burada əsas məsələ seçimin birə düşməsidir. İntihar edən adam düşünür ki, artıq bir seçimi qalıb, o da ölüm. İkinci bir seçimi olsa, onu seçər. Çünki insan yaşamaq istəyən bir varlıqdır. Əgər həyatda daha mənalı bir şey yoxdursa, sıxıntıda olarkən özümüzü həyatımızla təhdid edəcəyik. Ona görə də seçimləri daha rahat olduğumuz anlarda çoxaltmalı, sıxıntılı anlarda nə edəcəyimizə rahat olduğumuz anlarda qərar verməliyik”.

E.İsgəndərovun sözlərinə görə, bəzi psixoloqlar intihar edən şəxsin bu yolla ətrafındakı insanları cəzalandırması kimi analiz edir: “İntihar səbəbi fərdi prosesdir, kənardan nə desək də, ehtimaldan artıq bir şey deyil. Cəmiyyətin stereotip qınaq obyektləri var. Bəzi ailələrdə qəbul olunmayan və “ölüm bundan yaxşıdır” deyilən düşüncələr var. O cəmiyyətdə ki, ölümdən daha dəhşətli bir şey var, o zaman insan deyir ki, daha az dəhşətli olanı seçirəm. Yəni ölümü…

Sosial mediaya çox aldanırıq. Həyatın bir anı olan paylaşımları sanki özünün bütün həyatı imiş kimi düşünürük. İnsanlar bir-birindən qopub, artıq zövq alaraq yaşamağı həyatı göstərərək yaşamağa dəyişiblər. Çünki o insan “mənim problemim var, bunu necə həll edə bilərik” deyəcəyi biri olsa, intiharı seçməz. “Məni anlamazlar” deyən adam intiharı seçir.

Cəmiyyət olaraq son anda həkimə gedən insanlar olduğumuz üçün psixoloji problemə görə heç vaxt həkimə getmirik. Psixoloqa ehtiyacımız olmadığını düşünürük. İnsanlar mənə övladları ilə bağlı ilə müraciət edirlər. Övladım yaxşı olsun, mən yaxşı olmasam da olar deyirlər. Tibdə belədir ki, övladınızın dişi ağrıyırsa, sizin dişiniz müalicə olunmur. Amma psixoloji olaraq siz yaxşı deyilsizsə, mümkün deyil ki, sizin övladınız yaxşı olsun”.

Zorakılığa məruz qalan qadınlarla bağlı bir çox cinayət işlərində müdafiəçi kimi çıxış edən vəkil Zibeydə Sadıqova “Qafqazinfo”ya deyib ki, intihar etmək bizim ölkədə cinayət sayılmır. Lakin özünü öldürmə həddinə çatdırma cinayət əməlidir: “Bu əməl 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasına görə, zərərçəkmiş şəxs təqsirkardan maddi (pul sarıdan), xidməti (yəni, işçi olması) və ya sair cəhətdən asılı olmalıdır.  Üstəlik, tək asılı olması ilə bu cinayət əməli sayılmaz. Həm də təqsirkar davamlı olaraq zərərçəkmiş şəxslə amansız rəftar etməli, ləyaqətini mütəmadi alçaltmalı, ona hədə-qorxu gəlməlidir.

Araşdırmalar göstərir ki, qadınlar çarəsizliyə düşəndə, məişət zorakılığına məruz qalanda, davamlı şiddət və hədə altında yaşayanda çıxış yolu kimi intiharı seçirlər.

Statistikaya baxsaq görərik ki, özünü öldürmə həddinə çatdırma cinayəti üzrə demək olar ki, cinayət işi başlanmır. 2020-ci ilin statistikasında yalnız 1 hal qeydiyyata alınıb. Lakin 2020-ci ildə bir çox intihar halları olub. Mənim praktikamda belə hallar olub ki, qadınların intihara cəhd etdiyi barədə şikayətlər etmişik. Lakin sonda cinayət işinin başlanması rədd edilib. Müstəntiqlər kişinin davamlı olaraq zorakılıq etməsini təsdiq edən sübut istəyiblər. Baxmayaraq ki, qadınlar davamlı döyüldüklərini deyiblər, lakin bununla bağlı polisə şikayət etməyiblərsə, demək ki, sübut yoxdur”.

Hüquq müdafiəçisi intiharların rayon və kənd yerlərində daha çox olduğunu bildirir.  Səbəb kimi isə qadınların təhsilsizliyi, polis bölmələrinə çatımlığının olmaması, məişət zorakılığı məsələsinin ciddiyə alınmaması, “mentalitet” bəhanələri və sairəni göstərir: “Bəzən şəhərdə belə məişət zorakılığı qurbanı olan qadınlar polisə şikayət etməkdən çəkinirlər. Nəticədə də çarəsizlik hiss edib intihara əl atırlar. Qanunvericilikdə də bu sahədə kifayət qədər boşluq var. Məişət zorakılığı cinayət kimi qanunda nəzərdə tutulsa, məişət zorakılığı törədən şəxslər cəzalandırılsa və psixoloji və ya psixiatrik müalicə alsa problem nisbətən həll olunmuş sayılar.

Davamlı şiddət görən qadınlar polisə müraciət edirsə, polis şikayəti ciddi qəbul etmirsə, zorakılıq törədən şəxs barəsində tədbir görmürsə, qadınlar növbəti dəfə şikayət etmirlər və beləcə öz taleləri ilə barışırlar. Lakin görsələr ki, onları döyən, onları təhqir edən, hədə-qorxu gələn şəxslər barəsində dövlət ciddi tədbir görür, həmin şəxslər cəzalandırılır, qadınlar son çarə kimi intihara əl atmaz.

Qadınlarla danışarkən deyirlər ki, bəzən intihara cəhd etdiyini, şiddətə görə etdiyini ona görə gizlədirlər ki, uşaqlarının əllərindən alınacağı ilə hədələnirlər və ya iş yerlərinə məlumat veriləcəyi ilə hədələnirlər deyə, sonuna kimi şikayət etmirlər. Düşünürəm ki, qadınlar şiddətə məruz qalıblarsa, mütləq şikayət etməlidirlər. Hüquq mühafizə orqanları belə şikayət barədə məlumat alıbsa, dərhal ailəni nəzarətə götürməli, şiddət etməkdə şübhəli bilinən şəxsi qadından uzaqlaşdırmalı, müvafiq qurumlara, İcra Hakimiyyətinə məlumat verməlidirlər ki, qadın və uşaqlar psixoloji dəstək alsınlar”.

Vəkil Zibeydə Sadıqova Xalidə Kəngərlinin intiharı barədə yayılan iddialarla bağlı isə bunları deyib: “Onun intihar etməsi məsələsi inandırıcı deyil. Çünki həkim savadlı, öz pulunu qazanan, ailəsi tərəfindən dəstəklənən, öz çevrəsində tanınan, iki uşağı olan qadındır. Cərrahiyyə əməliyyatları edir və deməli, həftəlik cədvəli var. Üstəlik, intihara meyilli, psixoloji problemləri olan adam olmayıb. Belə göstəricilərin olduğu halda intihar etməsini iddia etmək doğru olmaz. Lakin həkimin əri ilə problemləri olduğunu, boşanma üçün müraciət etdiyini mediadan bilirik.

Son zamanlar da məişət zorakılığı ilə bağlı xəbərlərin çoxaldığını, qadın qətillərinin sayının artıdığı müşahidə edirik. Bu əsaslar imkan verir ki, həkimin məişət zorakılığının qurbanı olmasını iddia edək. Dövlətin əsas öhdəliyi cinayətlərin qarşısının alınmasına və ya cinayət baş veribsə, araşdırıb, təqsirli şəxsləri məsuliyyətə cəlb etməkdir. Ona görə də hər intihara cəhd halı, intihar halı, məişət zorakılığı halı ciddi araşdırılmalıdır”.

“Qafqazinfo” zorakılığa məruz qalan, intihar həddinə çatdırılan, psixoloji yardıma ehtiyacı olan qadınların müraciət edə biləcəyi qaynar xətləri təqdim edir:

102 – Daxili İşlər Nazirliyinin qaynar xətti

860 – AQUPDK-nin gender əsaslı zorakılıqla bağlı qaynar xətt

(055) 314 35 15 – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi

916 – Ombudsman Aparatının qaynar xətti

142 – ƏƏSMN-nin Sosial Sığınacağının çağrı mərkəzi

Amin Nəzərli

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.