Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Rusiyaya səfəri bütün dünyada geniş əks-səda doğurub. Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün müzakirə edildiyi vaxtda bununla bağlı daha bir diqqətçəkən gəlişmə baş verib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov Prezident Ərdoğanın Putinlə görüşdüyü saatlarda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli Kəşfiyyat Təşkilatının rəisi (MİT) Hakan Fidanla danışıqlar apardığını iddia edib.

“Xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla məhsuldar qeyri-rəsmi görüş keçirdik. Bu görüşdə Türkiyə ilə Çeçenistan arasında müxtəlif mövzularda əməkdaşlığın qurulması zərurətinə dair razılığa gəldik. Çavuşoğlu bu görüşün əlaqələrin inkişafı üçün başlanğıc olacağına ümid etdiyini bildirdi. Ona haqlı olduğunu və bundan hər iki tərəfin faydalanacağını dedim”, – Kadırov söyləyib.

O, çeçen və türk xalqlarının ortaq tarixinin olduğunu bildirib: “Hazırda Türkiyədə kifayət qədər çeçen yaşayır”.

Kadırov onu da bildirib ki, bu gizli görüşdən sonra Türkiyə nümayəndə heyəti onu Türkiyəyə dəvət edib və buna müsbət cavab verib.

Məsələ ilə bağlı Çavuşoğlu və Fidan tərəfindən açıqlama verilməyib.