01.09.2026 - 16:34
Ölkə 107 baxış

Pensiya artdı: Sosial rifah üçün yetərlidirmi?

Azərbaycanda aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb. Bu artım vətəndaşların sosial rifahına necə təsir edir? Mövcud məbləğlər hazırkı yaşayış xərcləri fonunda kifayət edirmi?

Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bu artımı müsbət hal kimi qiymətləndirir. O bildirib ki, orta pensiya bütün pensiyaçıların məhz bu məbləği aldığı anlamına gəlmir. Hazırda minimum pensiya 320 manatdır və pensiyaların əhəmiyyətli hissəsi orta göstəricidən aşağıdır. Müxtəlif dövlət vəzifələrində və yüksək əməkhaqqı olan sahələrdə çalışmış vətəndaşlar daha yüksək pensiya alırlar. Nəticədə yüksək və aşağı pensiyaların ümumi riyazi ortalaması 594 manat 40 qəpik təşkil edir. Orta aylıq əməkhaqqının 1000 manatdan yüksək olduğunu nəzərə alsaq, orta əməkhaqqı ilə orta pensiya arasındakı fərqin azalması məqsədəuyğun olardı. Bu, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərə bilər.

İqtisadçı qeyd edir ki, pensiyaların artımını qiymətləndirərkən yalnız nominal artıma deyil, ərzaq, dərman, qeyri-ərzaq məhsulları, yanacaq və digər zəruri xərclərin qiymətlərindəki dəyişikliklərə də diqqət yetirmək lazımdır. Əgər qiymət artımı pensiyaların artım tempini üstələyirsə, nominal artımı əhalinin real rifahının yüksəlməsi kimi qiymətləndirmək mümkün deyil. Bu baxımdan sosial rifahın yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac var. İlk növbədə minimum əməkhaqqının 400 manatdan 660 manata, yəni orta aylıq əməkhaqqının təxminən 60 faizinə qədər artırılması məqsədəuyğun olardı. Eyni zamanda, pensiya yaşında olan vətəndaşların pensiyalarının minimum əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması vacibdir.

Ekspertin sözlərinə görə, hazırda aylıq istehlak səbətinin təxminən 300 manat səviyyəsində müəyyənləşdirilməsi real xərcləri tam əks etdirmir. Mövcud qiymətləri nəzərə alsaq, bir nəfərin minimum səviyyədə yaşaması üçün zəruri xərclərin təxminən 600 manat civarında qiymətləndirilməsi daha real görünür. Buna görə də həm minimum pensiyanın, həm də minimum əməkhaqqının artırılmasına ehtiyac var. Digər tərəfdən, minimum əməkhaqqı ilə çalışan bəzi vətəndaşlar özəl müəssisələrdə əmək müqaviləsində göstəriləndən əlavə gəlir əldə edir və bu vəsait müəyyən hallarda nağd şəkildə ödənilir. Bu isə vergidən yayınma hallarına səbəb ola bilər.

Bütün hallarda orta pensiya məbləğinin artması müsbət göstərici olsa da, onun vətəndaşların gündəlik həyatına real təsirini qiymətləndirmək üçün qiymət artımının səviyyəsi də nəzərə alınmalıdır. Buna görə də həm minimum pensiyanın artırılması, həm də istehlak səbətinin hesablanması mexanizminə yenidən baxılması vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: