22.08.2026 - 17:10
Ölkə 43 baxış

Özəl universitetlərə maraq niyə azalır?

Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinin başa çatması ilə abituriyentlərin universitet seçimində əsas meyarlar yenidən diqqət mərkəzinə gəlib. Bu il bəzi özəl ali təhsil müəssisələri ilə bağlı baş verən dəyişikliklər abituriyentlərin seçimlərinə təsir göstərib.

Minval.info xəbər verir ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması və Naxçıvan Müəllimlər İnstitutuna 2026/2027-ci tədris ili üçün qəbul planının ayrılmaması abituriyent və valideynlərin özəl ali məktəblərə münasibətinə təsir edən amillərdən biridir.

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bəzi özəl ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması abituriyentlərin seçimlərinə təsirsiz ötüşməyib. Xüsusilə Bakı Qızlar Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı qəbul edilən qərarlar nəticəsində abituriyentlər dövlət ali təhsil müəssisələrinə daha çox üstünlük verməyə başlayıblar.

Ekspert qeyd edib ki, həm dövlət, həm də özəl ali təhsil müəssisələri dövlət tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Əgər hər hansı qanun pozuntusu aşkar edilirsə, müvafiq qurumlar tərəfindən araşdırma aparılır və nəticəyə uyğun qərar qəbul olunur. Bakı Qızlar Universitetinin fəaliyyəti də Elm və Təhsil Nazirliyinin qərarı ilə dayandırılıb və hazırda tələbələrin dövlət universitetlərinə köçürülməsi prosesi həyata keçirilir.

R.Nurəliyev əlavə edib ki, aşağı bal toplayan abituriyentlər dövlət universitetlərinə qəbul imkanları məhdud olduğu üçün seçimlərini əsasən region universitetləri və ya özəl ali məktəblər arasında edirlər. Bu il Qarabağ Universiteti, UNEC-in Zaqatala filialı, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinə maraq yüksək olub.

Ekspertin fikrincə, özəl ali təhsil müəssisələrinə marağın azalmasının əsas səbəblərindən biri onların bir qisminin düzgün inkişaf strategiyası qura bilməməsidir. Xəzər Universiteti kimi özəl ali məktəblər isə yüksək keçid ballarına malikdir və yüksək bal toplayan abituriyentlər tərəfindən seçilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: