Səhiyyə Nazirliyi ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ölüm səbəbini açıqlayıb. 

Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sənətkar koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib: “Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib”.

Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova “musavat.com”a açıqlamasında xalq artistinin koronavirusa yoluxmadığını deyib: “Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır,  mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər.  Bilmirəm niyə qoymadılar? Bu gecə yatmadım. Dedim bəlkə insafa gəlib, evə qayıdıb gələr. Morqdan cənazəsini vermədilər. O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə adını korona qoydular. Xəstəxanadan xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar”.

Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib: “Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar? Hazırda hər söz deyə bilərlər. Allah göydən baxır. Onların cavabını Allah verəcək. Xəstəxanın arxa qapısından deyil, təcili yardımın qapısından çıxmışam”.