Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın sui-qəsd qrupunun Ukraynanın müdafiə naziri Aleksey Reznikov və ordunun yüksək rütbəli hərbçilərini öldürməyi planlaşdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyat qurumuna (GRU) bağlı olan sui-qəsd qrupunun üzvləri artıq saxlanıb.

“Onlar ölkəmizin müdafiə nazirinin və Baş Kəşfiyyat İdarəsinin rəisinin, eləcə də tanınmış ukraynalı fəalın qətlinə hazırlıq görürdülər. Öldürülməsi planlaşdırılan hər bir şəxs üçün onlara 100-150 ​​min dollar pul mükafatı vəd edilib” – Ukrayna Təhlükəsizlik Xidmətinın açıqlamasında bildirilib.

Məlumata görə, sui-qəsd qrupu izi itirmək üçün Ukraynaya Belarus ərazisindən daxil olub.

Ukrayna kəşfiyyatı onların nəzarət-buraxılış məntəqələrindən Volın vilayətinə girişini və əlaqəli şəxslərlə görüşlərini qeydə alıb. Kəşfiyyatçılar ciddi hücumun qarşısını almaq üçün Kovel şəhərində sui-qəsdçiləri saxlamağa müvəffəq olublar. Həbs edilən hər iki şəxs qəsdən adam öldürmədə ittiham olunur.

Saxlanan şəxslərin üzərində Rusiya pasportlarının olduğu da bildirilir.

Nigar Cəfərli,
Musavat.com