12.08.2026 - 11:31
Ölkə 36 baxış

Naxçıvanın inkişafı: Blokadadan çıxış və yeni iqtisadi imkanlar qapısı açılır

Naxçıvanın inkişafı, yalnız daxili və regional siyasət baxımından deyil, həm də geosiyasi və geoiqtisadi aspektdən mühüm əhəmiyyət kəsb edir.

Minval.info xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova son dövrlərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin muxtar respublikanın inkişafına yeni təkan verdiyini bildirib. Şəhər və yaşayış məntəqələrində infrastrukturun yenilənməsi, yol-nəqliyyat imkanlarının yaxşılaşdırılması, sosial obyektlərin və abadlıq sahələrinin inkişaf etdirilməsi Naxçıvanın gələcək inkişafı üçün mühüm baza yaradır.

Politoloq əlavə edib ki, Naxçıvan turizm baxımından da böyük potensiala malikdir. Onun fikrincə, qədim tarixi, zəngin mədəni irsi, tarixi abidələri və özünəməxsus coğrafiyası regionda turizmin müxtəlif istiqamətlərinin inkişafına imkan verir.

Ş.Həsənova hesab edir ki, Naxçıvanda iqtisadi fəallığın artırılması və müasir turizm infrastrukturunun yaradılması yeni gəlir mənbələrinin formalaşmasına şərait yarada bilər. “Buna görədir ki, blokada reallığından artıq iqtisadi inkişaf reallığına keçməliyik. Blokada reallığından çıxılması qarşımızda yeni imkan və fürsət pəncərələri açır”, – deyə politoloq bildirib.

O vurğulayıb ki, Azərbaycanın əsas hissəsindən ayrı qalan Naxçıvanın nəqliyyat əlaqələrinin genişləndirilməsi onun potensialının tam reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi də Naxçıvanın gələcək nəqliyyat, logistika və ticarət imkanlarını artırır.

Politoloqun sözlərinə görə, TRIPP çərçivəsində nəzərdə tutulan bağlantıların yaradılması istiqamətində Naxçıvanda işlərin sürətləndirilməsi vacibdir. “Kommunikasiya layihələrinin bərpası təkcə yolları və dəmir yollarını əhatə etmir. Şübhəsiz ki, burada böyük bir iqtisadi proses yaranır. Bu iqtisadi prosesdə Azərbaycan mərkəzə gəlir ki, Naxçıvanın inkişafının stimullaşdırılması onun tranzit funksiyasının artmasına səbəb olur”, – Ş.Həsənova deyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: