VACİB“MoveShort” maliyyə piramidası çökdü: Musavat.com-un ifşasından sonra saytlar bağlandı
Son həftələr TikTok-da geniş şəkildə reklam olunan və yüzlərlə Azərbaycan vətəndaşını şəbəkəsinə cəlb etdiyi bildirilən “MoveShort” adlı maliyyə piramidası fəaliyyətini dayandırıb.
Musavat.com-un platforma ilə bağlı dərc etdiyi (11.07.2026) araşdırma, blokçeyn analizləri və rəqəmsal izlər əsasında hazırlanan ifşa materialından sonra layihənin fəaliyyəti faktiki olaraq çöküb. Araşdırmalarda platformanın işləmə mexanizmi, pul axınları, idarəetmə sxemi və istifadə olunan üsullar ictimaiyyətə təqdim edilmişdi.
Musavat.com yazdı, şəbəkə qapandı
Musavat.com-un ifşa materiallarının yayılmasından qısa müddət sonra platformaya aid olduğu müəyyən edilən internet resursları bir-bir fəaliyyətini dayandırmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, müxtəlif subdomenlər üzərindən işləyən saytlar artıq əlçatan deyil.
Bununla yanaşı, 200-dən çox iştirakçının olduğu, xarici virtual nömrələr vasitəsilə idarə edildiyi bildirilən WhatsApp qrupları da bağlanıb. İştirakçılar administratorların qrupları tərk etdiyini, mesajlara cavab vermədiyini və onlarla əlaqənin tam kəsildiyini bildirirlər.
İfşa olundular, vəsaitlərlə yoxa çıxdılar
Araşdırmalar zamanı platformanın klassik Ponzi (maliyyə piramidası) modeli üzrə fəaliyyət göstərdiyi üzə çıxmışdı. Sistemdə ilk iştirakçılara kiçik məbləğlər ödənilərək etibar yaradılır, həmin ödənişlərin qəbzləri sosial şəbəkələrdə paylaşdırılaraq yeni qurbanlar cəlb edilirdi.
Lakin sistem ifşa olunduqdan sonra layihə qəfil fəaliyyətini dayandırıb. Hazırda çoxsaylı iştirakçılar platformadakı vəsaitlərini geri çəkə bilmədiklərini bildirirlər.
Araşdırmalar davam edir
Musavat.com-un əldə etdiyi məlumata görə, platformanın Azərbaycandakı mümkün əlaqələri, istifadə olunduğu iddia edilən bank kartları, pul köçürmə marşrutları və yerli təşkilatçılarla bağlı araşdırmalar davam edir. Mütəxəssislər vətəndaşlara yüksək gəlir vəd edən, fəaliyyəti şəffaf olmayan investisiya platformalarından uzaq durmağı tövsiyə edirlər.
Məhəmməd Türkmən / Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda sabit internet tarifləri artırılacaq
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi
Sərdar Cəlaloğlu: Ramiz Mehdiyev işi üzrə yalan iddialar
Bakıda yol nişanlarına qanunsuz müdaxilə!
Emil Kərimovun adı Toronto Universitetində əbədiləşdi
ADNSU tələbələrinə nəqliyyat sıxlığı güzəşti!