“Müharibənin real şəkildə başa çatması çətin və böyük itkilərlə başa gəlsə belə bu, Rusiya Federasiyasını taktiki hərbi məğlubiyyətə uğratmaqdan keçir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya Qərbin müharibədən yorulacağına və Ukraynanı ərazi güzəştləri ilə sülh sazişi imzalamağa məcbur edəcəyinə ümid bəsləyir: “Lakin bu gün istənilən ərazi güzəşti gələcək təcavüz üçün qeyd-şərtsiz təşviq deməkdir.
Rusiya özünü nəyisə diktə etmək hüququ olan lider kimi qlobal gündəmə qaytarmaq istəyir. Bunun üçün dünyaya “müvəqqəti final”ın bir neçə variantını və ya öz ultimatum şərtləri ilə danışıqlar aparılmasını (Şröder kimi adamlar vasitəsilə) təklif edir”,-deyə Ukrayna rəsmisi söyləyib.

Ukrayna rəsmisinə görə, bütün bunlar rusların öz illüziyalarının qaranlığında gəzməyə davam etdiyini göstərir. Mixail Podolyak Rusiyanın “blitskriq”lə savaşı udmaq cəhdlərinin uğursuz alındığını xatırladıb.

“Məlum oldu ki, onların Ukraynanın müdafiə və səfərbərlik imkanları barədə real təsəvvürləri olmayıb. Heç bizim tərəfdaşlarımız da Ukraynanın imkanlarını düzgün qiymətləndirməyiblər. Ona görə də indi ruslar savaşı uzatmaq yolu ilə bizi taqətdən salmağa çalışırlar. Onlar bu məsələdə həm də Ukraynanın və Qərbin siyasi elitasının yorulacağına və tükənəcəyinə ümid bəsləyirlər. Çünki tərəfdaşlarımız müharibənin nə qədər davam edəcəyini nə qədər resurs sərf edilməli olduğunu hələ tam bilmirlər”,-deyə müşavir vurğulayıb.

Mixail Podolyaka görə, müharibəni tez başa çatdırmağın yolu aydındır: “Gəlin yardım formatlarını ilk növbədə də hərbi yardımların verilməsini sürətləndirək”.

Musavat.com