Dünyanın bir çox ölkəsində müharibə və ya terrorizmlə mübarizə zamanı minalanmış ərazilər meydana gəlir. Bundan sonra başlayan minatəmizləmə prosesi isə uzun zaman və xeyli sayda maddiyat tələb edir.

Mina təcrübəsi olan ölkələrdən biri də qardaş Türkiyədir.

AZXEBER.COM Türkiyə ərazisindəki minalar və onların tarixi haqqında araşdırma edib.

Türkiyə ərazilərinə, əsasən iki dövrdə minalar yerləşdirilib. Birincisi, 1950-ci illərdə sərhəd keçidləri zamanı yaşanan hadisələr ərazilərə minaların qoyulmasına səbəb olub və bu proses 1970-ci illərin sonuna qədər davam edib. Camaat tərəfindən “qaçaqçı” adlandırılan insanlar bu dövrdə qollarını, ayaqlarını itiriblər. “Terrorizmlə mübarizə” çərçivəsində həyata keçirilən ikinci mina qoyma prosesi isə 1990-1998-ci illər arasında davam edib.

Türkiyənin ərazisində bir milyona yaxın mina olduğu bildirilir. “Minasız Türkiyə Təşəbbüsü” 1997-ci ildə “Beynəlxalq Minaların Qadağan edilməsi” kompaniyasının üzvü olan və Nobel Sülh mükafatına layiq görülən bir toplum təşkilatıdır. Təşkilatın əsas məqsədi Ottava müqaviləsinə əsasən 2022-ci ilə qədər əraziləri minalardan tam təmizləməkdir.

“O gündən bəri insanların baxışları məni həmişə narahat edib”. Bu sözlər Kasım Yüksel adlı Türkiyə vətəndaşına məxsusdur. O, 1997-ci ildə hələ 12 yaşında ikən Diyarbəkirdəki bir məktəbin ətrafında oynayırdı. Torpağa basdırılmış bir partlayıcı maddənin partlaması nəticəsində ağır yaralandı. Sağ gözünü və iki barmağını itirdi. Kasım Yüksel bu hadisədən sonra bir daha məktəbə gedə bilmədi.

Bu günədək Türkiyədə də xeyli sayda insan mina və partlamamış sursatların qurbanı olub. Təkcə 2017-ci ildə partlama nəticəsində həyatını itirən 42 nəfərdən 23-ü uşaq olub. Partlamanın şiddətli olması səbəbindən bu 23 uşağın 16-nın cinsini müəyyən etmək mümkün olmayıb.

Türkiyə mina təmizləmə təcrübəsinə görə dünyanın qabaqcıl ölkələrindən biri sayılır. Dünyanın bir çox ölkələri də bu prosesdə Türkiyə təcrübəsindən yararlanırlar. Azərbaycan da bu təcrübədən yararlanan ölkələr sırasındadır. Düzdür, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu işlərin öhtəsindən layiqincə gəlir, amma işlərin sürətli şəkildə aparılması üçün Türkiyə də bu prosesdə öz dəstəyini göstərir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə bu prosesdə sona qədər Azərbaycanın yanında olacaq: “Hər sahədə olduğu kimi, biz minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək verməyə davam edəcəyik”.

Səfir qeyd edib ki, Ermənistanın mina xəritələrini bu günə qədər Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: “Bu xəritələrin ən qısa zamanda verilməsini tələb edirik. Digər tərəfdən, Türkiyə olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün də Azərbaycana dəstək veririk. Hazırda ərazidə türkiyəli mina təmizləyənlər də var. Onlar azərbaycanlı qardaşları ilə birlikdə həmin bölgələrin yaşayışa açılması üçün çalışırlar. Həm Türkiyədə, həm Azərbaycanda minatəmizləyənlərin yetişdirilməsi üçün də dəstək veririk”.

Məlumdur ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Hazırda vətəndaşların öz dədə-baba torpaqlarına tez bir zamanda qaytarılması üçün Azərbaycan azad etdiyi torpaqlarda minatəmizləmə işlərini davam etdirir.