Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mənzillərin təqdim edilməsi tədbirində bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

H.Abdullayev bu ilki plan üzrə nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 554 mənzilin şəhid ailələrinə, müharibə əlillərinə verildiyini, qalan mənzil və fərdi evlərin də ilin sonunadək təqdim ediləcəyini deyib. O, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

Müharibə əlillərinin avtomobillə təminatı işlərinin də davam etdiyini bildirən nazir müavini bu kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini qeyd edib. 2020-ci ildə də müharibə əlillərinə 400 avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan artıq 150-nin verildiyini, ümumən indiyədək 6900 avtomobilin müharibə əlillərinə təqdim edildiyini bildirib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.