Messi Brunatinin həyatına xoşbəxtlik qatdı
Argentinalı jurnalist Veronika Brunati, Lionel Messiyə həsr etdiyi duyğusal yazıda futbolçunun onun həyatında yaratdığı böyük izdən bəhs edib. Brunati, Messinin Argentina millisindən ayrılması ilə bağlı məqaləsində 2014-cü ildə həyat yoldaşı, tanınmış jurnalist Xorxe “El Topo” Lopesin faciəli ölümündən sonra Messinin ona göstərdiyi dəstəyi xatırlayıb. Xorxe Lopes, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatını işıqlandırarkən yol qəzasında həyatını itirmişdi.
Minval.info xəbər verir ki, Brunati həmin ağır günlərdən sonra Messinin ona necə yaxınlaşdığını belə xatırlayıb: “Messi məni Joan Qamper adına məşq bazasına dəvət etdi. Məni qarşıladı, qucaqladı və soruşdu: ‘Sənin, Aqusun və Lusiyan üçün nə edə bilərəm?’ Uşaqlarımın adlarını xatırlaması məni çox təəccübləndirmişdi. O, mənə kömək etmək istədiyini deyirdi. ‘Onlar üçün nə edə bilərəm?’ deyə soruşdu. Mən isə nə deyəcəyimi bilmirdim. Lionel Messidən nə istəyə bilərdim? Ona dedim: ‘Sadəcə Lionel Messi ol. Uşaqlarım səni görəndə sevinirlər, Leo. Onlar tez-tez ağlayırlar. Mən sadəcə onların yenidən güldüyünü görmək istəyirəm’.”
Jurnalistin sözlərinə görə, Messi ailəyə maddi və digər formada kömək etməyə hazır olduğunu israrla bildirib. Brunati isə vəziyyətinin nə qədər ağır olduğunu futbolçuya tam açmadığını qeyd edib. “Əgər başqa iş tapa bilməsəm və hər şey çətinləşsə, CV-mi sənin atana göndərəcəyəm”, – deyə Brunati zarafatla bildirib. O, Messi sayəsində həyatının daha yaxşı olduğunu və argentinalı futbolçunun ona ən çətin anlarında güc verdiyini bildirib. “Messi bizim üçün hər şey idi. Bizi ruhlandıran, bizə ümid verən, xarakteri ilə bizə çox şey öyrədən insan idi. Çünki Messinin bir insan kimi nüfuzu çox böyükdür. Messi mənim həyatımı daha yaxşı etdi. El Toponun həyatını da, uşaqlarımın həyatını da. Çünki Messi unikal bir xoşbəxtlik mənbəyidir.”
Brunati qeyd edib ki, həyat yoldaşının ölümündən sonra iki azyaşlı uşağı ilə tək qalmasına baxmayaraq, Argentina millisinin oyunlarını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrinə səfər edib. Onun sözlərinə görə, Messi bu yolda ona motivasiya verən əsas insanlardan biri olub. “Messi məni təsəvvür belə edə bilmədiyim şeylərə sövq etdi. İki balaca uşağımla təkbaşına dünyanın müxtəlif yerlərinə getdim, millinin arxasınca düşdüm. Onlarla səfər, yüzlərlə oyun, mikst zonalar, müsahibələr, saysız-hesabsız ölkələr… Bəzən yuxusuz, yeməksiz, istirahətsiz qaldım. Amma özümü super ana kimi hiss edirdim. Messi mənə gücüm olmayan vaxtlarda güc verdi.”
Jurnalist yazısının sonunda Messinin mirasının yalnız qazandığı titullar, qırdığı rekordlar və vurduğu qollarla ölçülməməli olduğunu vurğulayıb. “Messi argentinalıdır. Amma bəzən düşünürəm ki, onu dünya irsi elan etmək lazımdır. Çünki bir gün millidə oynamağı dayandırsa da, futboldan getsə də, heç kimin ondan ala bilməyəcəyi bir şey var – bizə bəxş etdiyi xoşbəxtlik. Bəlkə də onun ən böyük mirası budur. Titullar deyil. Rekordlar deyil. Qollar deyil. Xoşbəxtlik. Başqalarına xoşbəxtlik bəxş etmək. Çox sağ ol, Leo. Hər şey üçün. Həyatımıza bir az da olsa xoşbəxtlik qatdığın üçün”, – Brunati fikirlərini tamamlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Filippində sel sularında üzən piton qorxu saçdı
Xırdalanda obyekt yanğını: Xəsarət yoxdur!
Bakının Nərimanov rayonunda 15 bina söküləcək
Bakıda güclü yanğın: Binə qatı dumanla örtüldü
Bakıda şok: Kişi əməliyyatdan sonra yataq xəstəsi oldu-VİDEO
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar
Şəhid ailələri və qazilərə pulsuz mənzil şansı!