10.08.2026 - 15:01
İqtisadiyyat 20 baxış

Maaşınız 400 manatdan azdır? – Bu hallara diqqət yetirin!

Son dövrlərdə bəzi özəl sektorlarda əmək müqavilələrində maaşların minimum əməkhaqqından aşağı göstərilməsi ilə bağlı xəbərlər yayılmaqdadır. Bu vəziyyət qanun pozuntusu hesab edilirmi?

Minval.info xəbər verir ki, əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu bu məsələyə hüquqi baxımdan yanaşmağın vacibliyini vurğulayıb. Ekspertin sözlərinə görə, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əlavə iş yerində çalışan şəxslər həftəlik iş vaxtı normasının 50 faizini keçməmək şərti ilə işləyə bilərlər. Bu isə həftədə 20 saatdan çox olmamaq deməkdir. Belə hallarda 400 manatdan aşağı əməkhaqqı qanun pozuntusu hesab edilmir.

V.Şahinoğlu bildirib ki, əmək müqavilələri həm dövlət, həm də özəl sektorda çalışan işçilərə şamil edilir və bu müqavilələr ƏMAS sistemi vasitəsilə rəsmiləşdirilir. Yalnız müəyyən vəzifələr üzrə müqavilələr kağız daşıyıcıda bağlana bilər. Həm elektron, həm də kağız formada bağlanan müqavilələrdə minimum əməkhaqqı 400 manatdan aşağı göstərilə bilməz.

Ekspert əlavə edib ki, əsas problem əmək müqavilələrində göstərilən məbləğdən fərqli olaraq işçiyə faktiki ödənilən əməkhaqqının qeyri-rəsmi qaydada ödənilməsidir. Bu, işçinin gələcək pensiya və sosial sığorta hüquqlarına mənfi təsir göstərə bilər.

Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrinə əsasən, müəyyən kateqoriya işçilər üçün qısaldılmış iş vaxtı nəzərdə tutulub. Bu kateqoriyaya yaşı 18-dən aşağı olan işçilər, əlilliyi olan şəxslər və hamilə qadınlar daxildir.

V.Şahinoğlu, belə hallarla qarşılaşan işçilərin ilk növbədə işəgötürənlə məsələni dəqiqləşdirməli və zərurət yarandıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməli olduğunu bildirib. Müraciətlər 142 Çağrı Mərkəzi və ya my.gov.az portalı vasitəsilə edilə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: