Ötən gün Bakıda müşahidə olunan güclü külək Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında iki şəhid məzarına zərər vurub. 

“Minval.info” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar yayılıb. Görüntülərdən də məlum olur ki, Vətən müharibəsi şəhidlərinin məzar daşları küləyin təsirindən bir neçə yerə bölünüb. Dağılan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonundan cəbhəyə yollanmış şəhidlərə məxsusdur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, artıq Xətai rayonundan olan şəhid Şükran Şüküraninin məzar daşı yenidən hazırlanır: “Dünən şəhidimiz Şükran Şüküraninin qardaşı qəbiristanlıqda olub və bizə məzarın dağılması barədə məlumat verib. Həmin dağılmış məzar daşı ərazidən götürülüb. Hazırda yeni məzar daşı hazırlanır və yaxın günlərdə şəhidin məzarının üzərinə qoyulacaq”.

Nərimanov Rayon İcra Hakimiyyətindən də şəhidin məzar daşının bərpa olunduğu bildirilib: “Ötən gün gecə saatlarında bizə şəhidin məzarını küləyin dağıtması ilə bağlı məlumat verilib. Əməkdaşlarımız gecə həmin əraziyə yollanıb və dağıntılar təmizlənib. Hər iki məzar qəbiristanlıqda birinci məzarlardır, ona görə də külək onlara zərər vurub. Şəhidin ailəsinə də bu barədə məlumat verdik. Məzarın başdaşının eskiz layihəsi hazırlanıb, ailəsi ilə razılaşdırılıb və hazırlanması üçün sifariş verilib. Hazırda sinədaşı bərpa olunur”.