“Koronavirusdan sonra dünyanın siyasi gündəminin dəyişəcəyi, əvvəlki münaqişələrin olmayacağı, hətta bəzi beynəlxalq təsisatların sıradan çıxacağı iddia edilir. İndiki proseslərə nəzər saldıqda isə dünya siyasətində ciddi dəyişikliklərin olmayacağı aydın görünür”.

Bu sözləri Modern.az-a koronavirusdan sonrakı dünya geopolitikasının mənzərəsi haqqında danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O qeyd edib ki, buna baxmayaraq, siyasi sistemdə müəyyən dəyişiklik ola bilər:

“Əgər koronavirusdan öncə dünyada münasibətlər sistemi necə idisə, hansı baxışlar var idisə, yenə də eyni şəkildə davam edir. Amerika ilə Çin və Rusiya arasında mübahisələr yenə də davam edir. Nəzərə almalıyıq ki, böyük dövlətlərin iqtisadi imkanları azalır. Amerikada işsizlərin sayı artıq 20 milyonu ötüb, Avropa ölkələri də həmçinin çox ağır vəziyyətə düşüblər. Koronavirus bitdikdə bütün ölkələr start vəziyyətində olacaq. Kim fürsətlərdən yaxşı istifadə etsə, iqtisadiyyatını sürətlə inkişaf etdirə bilər”.

 

E.Şahinoğlu beynəlxalq münasibətlər sisteminin kökündən dəyişəcəyini düşünmür:

“Birinci Dünya müharibəsindən sonra dünyanı “İspan qripi” adlanan virus vurdu. O zaman da düşünlə bilərdi ki, virusdan sonra hər şey dəyişəcək, insanlar ətraflarında baş verənlərə daha fərqli münasibət bildirəcəklər. Amma aydın oldu ki, yenə də hər şey olduğu kimi qaldı. Əksinə, İkinci Dünya müharibəsi də baş verdi.

Bəşəriyyət bizə öyrədir ki, insanların baxışları müharibələrlə, viruslarla dəyişmir. Hər şey öz axarında davam edir. İqtisadiyyata gəldikdə isə hansı dövlətlər iqtisadi nöqteyi-nəzərdən güclü idilərsə, yenidən bu gücü bərpa etməyə çalışacaqlar. Qeyd etdiyim kimi, Amerikanın koronavirusdan sonra iqtisadiyyatını bərpa etməyə daha çox şansı olacaq.

Buna baxmayaraq, Rusiya kimi dövlətlər üçün isə bu dövr daha çətin olacaq. Çünki Rusiyanın iqtisadiyyatı inkişaf etməyib, neft və qazın satışı üzərində qalmaqda davam edir. Bu isə aşağı düşüb. Sosial gərginlik artıb. Ona görə, iqtisadi, sosial zəmində Rusiyadakı vəziyyətin ağırlaşacağını gözləyə bilərik.

Virus Çindən yayılmağa başlasa da, faktiki bu ölkədən yox olmağa başlayıb. Çin artıq itirdiyi iqtisadi mövqelərini bərpa etməyə başlayıb. Dünyadakı böhrandan da istifadə edərək iqtisadiyyatını daha çox inkişaf etdirməyə çalışacaq. Çin koronavirusdan əvvəl də müxtəlif ölkələrə kreditlər təklif edirdi. Bu siyasətini davam etdirib, Avropanı özündən asılı vəziyyətə salmağa çalışacaq. Bu ölkənin planları dünya üçün müəyyən təhlükələr də yarada bilər”.