09.08.2026 - 09:06
Kriminal 17 baxış

Klinikada şok mənzərə: Əməliyyat otağında qəssabxana qaydaları?

‘Vimay-Med’ klinikasında aşkarlanan ciddi pozuntular geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat görüntüləri Səhiyyə Nazirliyinin diqqətini çəkib və nəticədə Nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada planlaşdırılmamış yoxlamalar aparılıb.

Minval.info xəbər verir ki, yoxlamalar zamanı klinikanın lisenziya şərtlərinə uyğun fəaliyyət göstərmədiyi ortaya çıxıb. Tibb işçilərinin sayı təsdiq edilmiş ştat cədvəlinə uyğun gəlməyib, bəzi otaqların isə təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilib. Tibbi avadanlıqların uyğun olmayan otaqlarda yerləşdirilməsi də aşkar olunan pozuntular arasındadır.

Bundan əlavə, sanitar-epidemioloji tələblərin, dezinfeksiya və sterilizasiya qaydalarının pozulduğu, tibbi alətlərin çirkli məhlullarda saxlanıldığı və bəzi steril alətlərin qeyri-steril əşyalarla birlikdə yerləşdirildiyi müəyyən edilib. Sertifikatsız həkimlərin fəaliyyət göstərməsi, lisenziyada nəzərdə tutulmayan əməliyyatların aparılması və istifadə müddəti bitmiş tibbi vasitələrin saxlanılması da üzə çıxıb.

Laboratoriyalarda biomaterialların və reagentlərin eyni soyuducuda saxlanılması, dərman vasitələrinin saxlanma qaydalarına əməl edilməməsi də ciddi pozuntular sırasındadır. Tibbi sənədlərdə diaqnozlar və həkimlərin adları arasında uyğunsuzluqlar da qeydə alınıb.

Aşkar olunan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və qanunvericiliyə uyğun tədbirlər görüləcək. Klinikaya müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 15 iş günü vaxt verilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: