10.08.2026 - 19:36
Ölkə 61 baxış

DTX-dən xəbərdarlıq – Beynəlxalq kibercinayətkar şəbəkə ifşa edildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı yönəlmiş qanunsuz əməllərinin qarşısının alınması istiqamətində genişmiqyaslı əməliyyat-istintaq tədbirləri keçirir.
Minval.info xəbər verir ki, xarici ölkə vətəndaşlarının rəhbərlik etdiyi transmilli cinayətkar dəstələr xüsusi proqram təminatlarından istifadə edərək dövlət qurumlarının və müxtəlif təşkilatların rəsmi internet resurslarından əməkdaşların telefon nömrələrini kütləvi şəkildə ələ keçirirlər.
Daha sonra həmin nömrələrə qurum rəhbərlərinin fotoları ilə açılmış saxta “WhatsApp” profillərindən “təcili” məzmunlu mesajlar göndərilir. İllüzor etibar yaradan cinayətkarlar zərərçəkənləri güc strukturlarının adından istifadə edən digər saxta hesablara yönləndirərək, onları xarici bank hesablarına vəsait köçürməyə və ya başqa qanunsuz tapşırıqları icra etməyə təhrik edirlər.
DTX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin bəzi üzvlərinin şəxsiyyəti müəyyənləşdirilib və onlar barəsində beynəlxalq hüquqi prosedurlara start verilib. Hazırda xarici dövlətlərin hüquq-mühafizə orqanları və beynəlxalq kiber-təhlükəsizlik şirkətləri ilə birlikdə dəstənin digər üzvlərinin də tam ifşası istiqamətində birgə işlər aparılır.
Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları sosial şəbəkələrdə və mesencerlərdə bu tipli şübhəli müraciətlərə kiber-hücum ehtimalı kimi yanaşmağa, sayıqlığı artırmağa və analoji hallarla rastlaşdıqda dərhal aidiyyəti dövlət orqanlarına məlumat verməyə çağırır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: