07.09.2026 - 09:11
Lent 14 baxış

Kənd təsərrüfatında casusluq təhlükəsi: Çin avadanlıqları?

Elm və texnologiyanın inkişafı ilə kənd təsərrüfatında süni intellekt və internetə qoşulan texnikaların istifadəsi genişlənir. Lakin bu texnologiyalar kibertəhlükəsizlik risklərini də özü ilə gətirir. İddialara görə, Çinin istehsal etdiyi internetə qoşulan traktorlar, dronlar və GPS-lə işləyən suvarma sistemləri vasitəsilə Böyük Britaniyanın kənd təsərrüfatı ilə bağlı məlumatlar əldə edilə bilər.

Minval.info xəbər verir ki, IT mütəxəssisi Asim Namazov bu məsələyə münasibət bildirərək, əsas problemin Çin istehsalı texnikaların casusluq vasitəsi olması deyil, internetə qoşulan texnikaların yaratdığı kibertəhlükəsizlik riski olduğunu vurğulayıb. O qeyd edib ki, müasir traktorlar artıq sadəcə mexaniki texnika deyil, GPS, müxtəlif sensorlar, mobil rabitə modulları, proqram təminatı və bəzən bulud sistemləri ilə təchiz olunurlar.

Namazovun sözlərinə görə, bu texnikalar işlədikləri ərazi, sahənin ölçüsü və məhsuldarlıqla bağlı məlumatları, dronlar əkin sahələrinin görüntülərini, ağıllı suvarma sistemləri isə su sərfiyyatı və torpağın vəziyyəti barədə məlumatları toplaya bilər. Bu məlumatlar ayrı-ayrılıqda adi görünə bilər, lakin yüzlərlə və ya minlərlə cihazdan toplandıqda ölkənin kənd təsərrüfatı haqqında geniş mənzərə yaradır.

Mütəxəssis əlavə edib ki, risk cihazın proqram təminatındakı zəiflikdən, məlumatların saxlandığı serverdəki təhlükəsizlik problemindən və ya internetə çıxışı təmin edən komponentlərdən qaynaqlana bilər. Lakin bu riskin mövcud olması Çinin həmin məlumatları oğurlaması demək deyil və bunun üçün ayrıca sübut lazımdır. Xarici istehsalçıların texnologiyasından istifadə edən ölkələr həmin cihazların hansı məlumatları topladığını və istehsalçının sistemə hansı səviyyədə çıxış imkanının olduğunu bilməlidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: