21.08.2026 - 10:01
İqtisadiyyat 109 baxış

Kartdan-karta 5 əməliyyat limiti: Dünyada belə qayda yoxdur – İqtisadçıdan TƏKLİF

Avqustun 1-dən tətbiq olunan kartdan-karta (Card-to-Card) köçürmələrə dair yeni limitlər ictimaiyyət arasında hələ də narazılıqla qarşılanır. Qayda xüsusilə gün ərzində çoxsaylı kart köçürmələri həyata keçirən vətəndaşlar arasında suallar yaradıb. Gündə 5 əməliyyat və ay ərzində 20 min manatlıq mədaxil limiti xüsusilə vətəndaşların bir-birinə maddi yardım göstərməsi zamanı da müəyyən çətinliklər yaradır. Bəs dünya praktikasında bu məsələ necə tənzimlənir?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Bu, dəyişiklik risk-əsaslı yanaşma və sui-istifadə risklərinin azaldılması ilə əsaslandırılır. Müxtəlif banklar fəqli istisnalar tətbiq edir. Amma bunlar cüzi istisnalardır. Beynəlxalq praktikaya baxsaq, “hamı üçün gündə dəqiq 5 əməliyyat” kimi universal standart yoxdur. Əgər məqsəd dələduzluq, vergidən yayınma, qanunsuz mərc və kartların sui-istifadəsini azaltmaqdırsa, “5 əməliyyat vəssalam” yanaşması bir qədər kobud alətdir. Yüksək riskli müştərilər üçün gündəlik 5 əməliyyat tətbiq edilməsi və ya şübhəli davranışların daha sərt limit və ya əlavə yoxlamaya tabe tutulması daha optimaldır. Bütün müştərilər üçün eyni sərt qayda ədalətli yanaşma deyil’.

İqtisadçı -alim əlavə edib ki, əməliyyatların sayına qoyulan limit risklərin ilkin idarə edilməsi vasitəsidir:” Bu yanaşma, qanuni iqtisadi və sosial məqsədlərlə həyata keçirilən əməliyyatların aparılmasına maneə yaratmamalıdır. Çünki, 5-ci və 6-cı əməliyyat arasında iqtisadi baxımdan elə bir fərq olmaya bilər.

Məsələn, 5 nəfərdən 1.000 AZN qəbul etməklə gün ərzində toplam 5.000 AZN qəbil etmiş olursan, 6 nəfərdən 500 AZN qəbul etməklə isə toplam 3.000 AZN. Burada, ikinci əməliyyat birincidən avtomatik daha riskli deyil. Bu səbəbdən 5 rəqəmi avtomatik bloklama həddinə çevrilməməlidir. Əsas meyar əməliyyat sayı deyil, “risk”in özü olmalıdır. Məsələn, risk səviyyəsinə görə 3 fərqli rejim tətbiq oluna bilər. Məbləğlər kiçikdirsə aşağı risk qrupuna, limitdən artıq və ya qeyri-adi məbləğlər orta risk qrupuna, çoxsaylı göndərmələr və yüksək dövriyyə varsa yüksək risk qrupuna daxil edilə bilər. Yüksək risk qrupuna daxil olan əməliyyatlar isə əlavə araşdırıla bilər. Bu məncə ən balanslı variantdır. Əgər məqsəd konkret bir şəxsə maddi yardım etməkdən gedirsə burada praktik çıxış yolları var”.

Vüsalə Əhmədova onu da qeyd edib ki, hazırkı 5 əməliyyat limiti əsasən ödəniş alətinə mədaxil üçündür:” Məxaricə, yəni kartdan pul göndərilməsinə limit qoyulmayıb. Maddi yardım üçün digər mümkün çıxış yolu kartdan-karta əvəzinə, hesabdan-hesaba köçürmə etməkdir. Əgər söhbət, məsələn, xəstəlik və müalicə xərclərindən və ya yaşayış xərclərinə yardımdan gedirsə, bank qarşısında əməliyyatın maddi yardım xarakterinin sənədlə əsaslandırılması üçün mexanizm nəzərdə tutulur. Fiziki şəxsin digər fiziki şəxsə əvəzsiz maddi yardım məqsədilə etdiyi köçürmələr, əməliyyatın məqsədi və vəsaitin mənbəyi bank tərəfindən risk-əsaslı qaydada təsdiq edildiyi halda, gündəlik əməliyyat sayı limitindən istisna edilə bilər”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: