Baş Prokurorluq son kadr islahatları ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad edilərək Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər.

Qeyd olunub ki, prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Eyni zamanda bildirilib ki, prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilən Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı ilə təltif edilib, həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət edilərək onlara Fəxri Fərmanlar təqdim olunub. Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə ediblər.