Rejissor Kənan M.M illərdir narazı olduğu Mədəniyyət Nazirliyinə barışıq addımı atıb.

Rejissor bu barədə Minval.info-ya açıqlamasında danışıb:

“22 illik sənət fəaliyyətimdə heç bir zaman Mədəniyyət Nazirliyi ilə bağlı ümidim olmayıb. Heç vaxt kino üçün, gənclər üçün ümid görməmişəm. Ta ki, Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinə Azərbaycan Respublika Kino Agentliyinə rəhbər təyin olunan günə qədər. O köhnə kino işçilərinə çox tanışdır. Yadımdadır əvvəl bir ssenari verirdin, yanında vərəqləyib deyirdilər ki, bu o deyil, məni tutmadı. Belə kino taleyi həll etmirlər. Amma indi kino laboratoriyası yaradılıb. Köhnələrin vaxtında olduğu kimi o ssenarini laboratoriyada peşəkarların dəstəyi ilə inkişaf etdirirlər və ən qürurverici tərəfi isə bu laboratoriyanın rəhbəri,  dünyaca məşhur türk rejissor, Berlin kino festivalının qalibi Semih Kaplanoğludur. Özbəkistan, Türkiyə, Azərbaycan birlikdə üç film çəkir.  16 film çəkiləcək. Bu 16 rejissor, 16 komanda deməkdir. Müsabiqə qalibi olan 11 film var. Prodüser kursları açılıb.

Mədəniyyət Nazirliyinə gedən qaranlıq yolda uzaqdan görünən işığa yaxınlaşdım və bir Orxan Fikrtoğlu gördüm. Artıq kino yaşayacaq. Deyəsən, inciyib, küsən bütün rejissorların kəffarəsini Orxan bəy ödəməli olacaq”.