21.08.2026 - 16:22
Media 30 baxış

Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu

Son günlərdə bəzi internet saytlarında yayılan iki xəbər sosial şəbəkələrdə geniş müzakirə və tənqid obyektinə çevrilib. Bu xəbərlərin başlıqları – “Kamilə Babayevanın anasının meyiti tapıldı” və “Anar Nəcəfli qovuldu” – haqlı olaraq etiraz doğurub. Hər iki şəxs tanınmış jurnalistlərdir və onların peşəkar fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Kamilə Babayeva müstəqil aparıcı, Anar Nəcəfli isə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri və xəbər aparıcısıdır.

Minval.info xəbər verir ki, yayılan məlumatlarda Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları kobud şəkildə pozulub. Anar Nəcəflinin vəzifəsindən çıxarılması xəbəri rəsmi olaraq təsdiqlənməyib və bu səbəbdən bu məzmunda yayılan informasiya dezinformasiyadır. “Qovuldu” ifadəsi isə insana aid olmayan, hətta təhqir mahiyyətli bir ifadədir və jurnalistikanın etik qaydalarına ziddir.

Jurnalistikanın əsas prinsiplərindən biri həqiqətə xidmət, dəqiqlik və obyektivlikdir. Jurnalistlər hazırladıqları yazılarda tənqid obyektinin mövqeyini öyrənməli və bildirməlidirlər. Eyni zamanda, qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu yoxlanılmadan yayılmamalıdır. Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı da jurnalistikanın əsas prinsiplərindəndir. “Meyiti tapıldı” ifadəsi isə mərhumun ailəsinə qarşı hörmətsizlikdir və bu cür ifadələrdən çəkinmək lazımdır.

Jurnalistlər peşə davranış qaydalarına riayət etməli və jurnalistikanın nüfuzuna xələl gətirəcək hərəkətlərdən uzaq durmalıdırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: