Bir müddət öncə mediada Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilmişdi.
“Qafqazinfo”nun məlumatına görə, C.Hüseynov həmin məsələ ilə bağlı həyat yoldaşı Nərgiz Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
O, şikayət ərizəsində qeyd edib ki, həyat yoldaşı mediaya verdiyi müsahibədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb, onun şərəf və ləyaqətini ləkələyib. Sabiq müstəntiq iddia edib ki, N.Hüseynova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar yaymaqla onun işgüzar nüfuzunu da zədələyib.
C.Hüseynov arvadını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edərək 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib. Müraciətə hakim Elnurə Rəcəbovanın sədrliyində baxılacaq.
Xatırladaq ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı mediaya müraciət edərək ərinin xidməti silahı onun başına dirədiyini və “sənə xəyanət etmişəm” sözlərini dedirtdiyini bildirmişdi. Qadın iddia etmişdi ki, C.Hüseynov onu zorla çöllük yerə aparıb, dəmir parçası ilə vurub. O, daha sonra evdən qaça bildiyini əlavə etmişdi. Araşdırmalardan sonra C.Hüseynov prokurorluq orqanlarından xaric olunmuşdu.
Onu da bildirək ki, ailənin iki övladı var. Hazırda Qaradağ Rayon Məhkəməsində onların boşanma prosesi gedir.