İranda daha 63 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 354 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 958 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 9 000 nəfərə çatıb.

K.Cahanpur həmçinin 2 959 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian tam müalicə olunaraq evə buraxılıb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə girişi qadağan edib.

Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 564-ə çatıb. Bunların 66 666 nəfəri sağalıb, 4 302 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.