Azərbaycan koronavirus təhlükəsinə qarşı mübarizə üçün səfərbər olub. Hökumət faktiki fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu isə cəmiyyətdə hər kəsin öz məsuliyyətini dərk edərək addım atmasını zəruri edir.

İqitsadçı ekspert Natiq Cəfərlinin fikrincə, Nazirlər Kabinetinin son məhdudlaşdırıcı qərarlarından sonra yeni bir durum yaranıb: “Bu yeni vəziyyətdə hər kəs məsuliyyətini dərk etməlidir. Bizdə iqtisadi vəziyyətinin ağırlığı daha çoxdur, neft qiymətlərinin kəskin ucuzlaşması və uzun müddət aşağı səviyyətdə qalması ehtimalı koronavirus təhlükəsi ilə birləşdi – bu, iqtisadi proseslərə daha ağır təsir göstərəcək. İlk növbədə hökumət vətəndaşlarla effektiv və inandırıcı kommunikasiya xəttri qurmalıdır – rəsmilərə cəmiyyətdə ciddi inamsızlıq problemi var. TV-lərdə avara şou proqramlardan daha çox maarifləndirici və vəziyyəti izah edə bilən proqramlar, müzakirələr, inandırıcı debatlar olmalıdır”.

Ekspert qeyd edib ki, sərhədlərin vətəndaşlar üçün bağlı olması mallara aid deyil: “Gürcüstan üzərindən məhsulların ölkəyə daxil olması davam edəcək, hətta İrandan da TIR-lar gəlr, düzdür, sayı azalıb, amma ordan da daxil olmalar var. Rusiya ilə sərhəd isə hələ ki, açıqdır, deməli, ərzaq və gündəlik tələbat mallarının ölkəyə gətirilməsində ciddi problemlər olmayacaq. İnsanlara sadə dildə bunu izah edə bilmirlər deyə vətəndaşlar marketlərə axın edib əllərinə keçən hər şey alırlar. Bu isə o deməkdir ki, həm qiymət artımı ola bilər, həm də ölkədən valyuta çıxışı sürətlənəcək. Zatən, manata ciddi basqı var, zatən bir müddət sonra məzənnənı süni şəkildə indiki səviyyədə saxlamaq mümkün olmayacaq, market ajiotajı bu prosesi daha da sürətləndirir, çünki məmləkət olaraq özümüz adı tualet kağızı belə istehsal edə bilmirik”.

N.Cəfərli deyir ki, ölkədə biznes sahələrinə, özəl sektora böyük ziyan dəyir: “Turizm sektoru çöküb, öz gücünə ayaqda qalması mümkün görünmür. Rəsmi rəqəmlərə görə, bu sahədə 23 min insan çalışır, amma real rəqəm bundan azı 2-3 dəfə daha çoxdur, çünki heç də bütün işləyənlər rəsmi müqavilə bağlamırlar. Bu gedişlə onminlərlə insan bu sahədə işini itirə bilər, ilk addım kimi bütün tirizm obyekt və şirkətlərinə azı 6 aylıq “vergi tətili” verilməli, onlar bütün növ vergilərdən azad edilməlidirlər. Hökumətin qərarı ilə kafe-restoranlar ancaq saat 21:00-a qədər çalışa bilər, bu dönəmdə hətta açıq olduqları saatlarda belə insanlar belə obyektlərə çox az gedəcək, deməli, onların da böyük itkiləri olacaq. İctimai iaşə obyeklərinə də 6 aylıq “vergi tətili” verilməlidir, bu sahədə çalışanların sayı daha çoxdur, əksəriyyəti də qeyri-rəsmi çalışırlar. Onlar da işsiz qala bilər, çünki obyekt işlədənlər ilk olaraq xərclərini azaldacaq, bunun da ən asan yolu işçi ixtisarlarıdır. Amma bu məsələdə tək hökumətin atmalı olduğu addımlar azdır, belə obyekt sahibləri, hansılar ki, öz əmlakını işlətmək üçün icarəyə veriblər, onlar da icarə haqqını ən azı 50 faiz azaltmalıdırlar. Obyekt sahibləri anlamalıdırlar ki, 6 ay daha az gəlir götürmələri aylarla obyektlərinin tam boş qalmasından daha karlı və məntiqlidir”.

Ekspertin fikrincə, vətəndaşların üzərinə də məsuliyyət düşür: “İlk əvvəl yoxlanılmamış və panikaya səbəb ola biləcək yalan məlumatları tirajlamaq olmaz, marketlərdən mal alarkən daha rasional davranmaqda da yarar var – 1 həftə, 10 günlük yetəcək qədər bazarlıq etmək kifayətdir, daha 2-3 aylıq azuqə ehtiyatı yığmağa çalışmaq məntiqsiz və ziyanlı davranışdır. Bir sözlə, hamımız ağıllı, məntiqli davransaq virus bəlasından daha az ziyanla çıxa bilərik. Dünya iqtisadiyyatı bu il çətin özünə gəlsin, bu məqamı da unutmayaq, iqtisadi fəsadlar daha uzunmüddətli olacaq”.