20.10.2026 - 13:44
Azərbaycan ərazisi ilə 9 ayda 12 milyon tondan çox tranzit yük daşındı
İqtisadiyyat 99 baxış

Azərbaycan ərazisi ilə 9 ayda 12 milyon tondan çox tranzit yük daşındı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisi ilə tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekordunu qırıb.

Publika.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artıb. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 %, Şimal–Cənub istiqamətində isə 19 % artış göstərib.

Həmçinin, liman əməliyyatlarında da müsbət dinamika müşahidə olunub. Cari ilin 9 ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 % artaraq 1,73 milyon tona çatıb.

Ölkədə tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.

Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Onların bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4 350 nəqliyyat vasitəsidir. Son illərdə “Xanoba” və “Astara” modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: