“İdrak” liseyi güllələnən müəllimin yerinə kadr axtarır – Yeniyetmənin “sirrli planı” məhkəmədə açıldı
“İdrak” liseyində müəllim Şəhla Kamilovanın güllələnməsi ilə nəticələnən hadisə ilə bağlı məhkəmə araşdırmaları davam edir. Hadisənin hüquqi tərəfləri ilə yanaşı, silahın evdə saxlanma şəraiti, yeniyetmənin hərəkətlərinin motivləri və valideyn məsuliyyəti də müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, hadisə zamanı ağır yaralanan müəllim Şəhla Kamilova bir müddət sonra işdən ayrılıb. Hazırda lisey onun yerinə yeni müəllim axtarır.
Bu arada Binəqədi Rayon Məhkəməsində müəllimin güllələnməsi işi üzrə həbs edilən yeniyetmənin atası Samir Şirinovun cinayət işi üzrə hökm çıxarılıb. Samir Şirinov Cinayət Məcəlləsinin 230-cu maddəsi – odlu silahın saxlanması qaydalarının pozulması ilə bağlı ittiham olunub. İttihama görə, o, ov silahını və ona aid 36 kalibrli patronu təhlükəsizlik tələblərinə uyğun olmayan şəkildə saxlayıb. Nəticədə 2010-cu il təvəllüdlü oğlu həmin silahı götürərək məktəbə aparıb və müəllim Şəhla Kamilovaya atəş açıb.
Məhkəmədə ifadə verən Samir Şirinov özünü təqsirli bilməyib. O bildirib ki, silahları daim seyfdə saxlayıb və oğlunun onları götürəcəyini düşünməyib.
Məhkəmədə ifadə verən yeniyetmə isə silahı ilk dəfə polis əməkdaşlarının baxışı zamanı gördüyünü bildirib.
Onun sözlərinə görə, sonradan evdə qarderob otağında qutuların arxasında silahı görüb. Yeniyetmə iddia edib ki, əvvəlcə məqsədi sadəcə silahın şəklini çəkərək dostlarına göstərmək olub: “Sinif yoldaşlarıma evdə silahlarımız olduğunu demişdim, amma mənə inanmamışdılar. Mən də silahı götürüb şəklini və videosunu çəkdim, onlara göndərdim. Onlar isə bunun oyuncaq olduğunu düşündülər”.
Onun sözlərinə görə, silahı geri qaytarmaq istəyəndə qarderob otağının bağlı olduğunu görüb və tüfəngi qardaşının idman çantasına qoyub. “Düşündüm ki, qardaşım çantanı götürəndə silahı görəcək və valideynlərimizə deyəcək. Onlar da silahı məndən alıb yerinə qoyacaqlar. Amma belə olmadı”, – deyə yeniyetmə bildirib. O, səhər evdə səs-küy salaraq ailə üzvlərinin çantada silah olduğunu görməsinə ümid etdiyini də deyib: “Səhər tezdən durdum, səs-küy saldım. İstəyirdim ki, kimsə mane olsun. Amma heç kim durmadı”.
Yeniyetmə müəllimlə münasibətlərindən də danışıb. Onun sözlərinə görə, müəllim Şəhla Kamilova dərslə bağlı ona irad bildirib və bəzi ifadələri onu incidib. “Mənə “sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur” kimi sözlər deyirdi. Düşünürəm ki, bəlkə də onu qorxutmaq üçün silahdan istifadə etmişəm”, – deyə yeniyetmə bildirib. Lakin müəllim məhkəmədə şagirdindən belə bir davranış gözləmədiyini deyib.
Şəhla Kamilova bildirib ki, həmin şagird tərəfindən əvvəllər heç bir aqressiv münasibət görməyib: “Belə bir hərəkət edəcəyini ağlıma belə gətirməmişəm”.
Müəllim hadisənin qəfil baş verdiyini qeyd edib: “Mən şagirdi ümumiyyətlə görməmişəm. Əvvəl nə baş verdiyini anlamadım. Sonra boynumun arxasından isti nəsə axdığını hiss etdim. Uşaqlar şagirdin etdiyini dedilər”.
ƏLAQƏLİ
Kim nə qədər ödədi? — Haluk Leventin qalmaqallı dərnəyinə milyonlar yatıran məşhurların SİYAHISI
Şəhla Kamilova məhkəmədə təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.
Binəqədi Rayon Məhkəməsi Samir Şirinovu aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 2 il müddətinə islah işlərinə məhkum edib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam tədbiri hökm qüvvəyə minənədək saxlanılıb. Silah isə maddi sübut kimi tanınıb və Daxili İşlər Nazirliyinin silah anbarında saxlanılması qərara alınıb. Yeniyetmənin cinayət işi isə Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca araşdırılır. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi – qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
Bu il fevralın 6-da baş verən “İdrak” liseyindəki silahlı insident məktəblərdə təhlükəsizlik, valideyn məsuliyyəti və silah saxlama qaydaları ilə bağlı ciddi suallar doğurdu. Hadisə göstərdi ki, qanuni əldə edilmiş silah belə, təhlükəsizlik qaydalarına əməl edilmədikdə ağır nəticələrə səbəb ola bilər. Xüsusilə uşaqların olduğu ailələrdə odlu silahların saxlanması ilə bağlı nəzarət mexanizmlərinin daha ciddi tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏMüəllimini güllələyən şagirdə hökm oxundu
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
İrandan təhlükəli siqnal: Qırmızı dəniz bağlana bilər
“Space TV“ onu günahlandırdı - “Kanalı bu vəziyyətə saldı”
Haluk Leventi qardaşı da satdı - 1.5 milyon dollar açıqlaması