Uzun zamandır mətbuatda, televiziya kanallarında görünməyən Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov bir qeyri-etik hərəkəti ilə ölkənin gündəminə gəldi. Belə görünür ki, bu, Mirələmovun son gündəmə gəlişidir. Çünki ekspertlər hesab edirlər ki, Yeni Azərbaycan Partiyasının da sıralarından xaric edilən Hüseynbala Mirələmovun siyasi karyerası bitmiş sayılır.

Aprelin 22-də (məlum video aprelin 21-də yayılıb)  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən dedi ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin “Neftin, qazın nəqli və saxlanması” kafedrasının müdiri vəzifəsindən azad edilib:

“O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub. Onun artıq universitetlə heç bir əlaqəsi qalmayıb. Həm kafedra müdiri, həm də yarımştat müəllim vəzifəsindən azad olunub”.

Aprelin 23-də isə YAP-ın İdarə Heyətinin iclası keçirildi və  Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edildi.

Mirələmovun məlum hərəkəti ölkədə həm sadə vətəndaşlar, həm QHT sektorunun nümayəndələri, hüquq müdafiəçiləri tərəfindən kəskin şəkildə qınanıldı. Hətta hüquq müdafiəçiləri bildirdilər ki, onun əməlində cinayət tərkibi də mövcuddur.

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Mirələmov hadisəsi ilə bağlı aşağıdakıları bildirib:

“Baş verən hadisə cəmiyyət tərəfindən birmənalı olaraq pislənildi. Düzdür, bəzi şəxslər bu məsələyə öz prizmalarından baxıb, bunun montaj olması haqqında siyasi və qeyri-siyasi münasibət bildirdilər. Bu da hesab edirəm ki, yolverilməz idi. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin operativ qaydada toplanıb bu məsələyə reaksiya verməsi tamamilə doğru və düzgün qərar idi. Düşünürəm ki, bu qərar bir neçə gün belə geciksəydi, cəmiyyət tərəfindən daha çox emosional reaksiyaları görə bilərdik. O baxımdan, partiyamızın qərarını dəstəkləyirəm və hesab edirəm ki, bu, zamanında verilən lazımlı qərardır”.

Çingiz Qənizadə də hesab edir ki, Mirələmovun siyasi karyerası bitmiş hesab edilir:

“Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının hətta sıravi üzvlüyündən belə çıxarılıbsa, onun siyasi karyerası bitib. Hüseynbala Mirələmov partiyanın Xətai rayon şöbəsinin sədri idi. Bu, partiya daxilində kiçik vəzifə sayılmır. İndi isə o, bu vəzifəsindən azad edilib və hesab edirəm ki, bununla da siyasi karyerası bitib. Eyni zamanda onun deputatlığa namizədliyi də ləğv edilmişdi. Bunun hansı səbəbdən olduğunu bilmirəm. Ancaq hesab edirəm ki, Hüseynbala müəllim artıq siyasətlə vidalaşsın və bundan sonra öz səhhəti, canı ilə məşğul olsa daha yaxşı olar”.