30.07.2026 - 18:11
İqtisadiyyat 27 baxış

Hesablama Palatasının altı ayı - 160 milyon hara gedib?

Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, bir çox hallarda isə korrupsiya mexanizmləri əsasında mənimsənilməsi aktual problem olaraq qalır. Bu problemin aradan qaldırılması istiqamətində atılan addımlar isə bir qayda olaraq ya müvəqqəti effekt verir, ya da ümumiyyətlə, effektsiz olur.

Bu sahədə diqqəti cəlb edən əsas məqam problemin aradan qaldırılması üçün həm dövlət maliyyə nəzarəti orqanıolan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Agentliyi, həm də Hesablama Palatası tərəfindən fəaliyyətlərin genişlənməsidir.

Belə ki, açıqlanan məlumata əsasən 2026-cı ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 160,3 milyon manat məbləğində maliyyə nöqsanı və pozuntusu aşkarlanıb. Bu vəsaitin 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib, qalan 110,5 milyon manat isə digər nöqsanlar kimi qeyd olunub.

Cari ildəki bu nəticə əvvəlki illərdəkindən kəskin artımı ilə gündəmə gəlib: 2024-cü ilin birinci yarısında Hesablama Palatası 91 milyon manatlıq, 2025-ci ilin birinci yarısında isə təxminən 65-70 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb.

Açıqlanan hesabatlara əsasən, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Agentliyi tərəfindən 2024-cü ilin birinci yarısında 48 təşkilatda yoxlama aparılıb, ümumilikdə 3 milyon 102 min manatlıq artıq və əsassız ödəniş aşkar edilib.

2025-ci ilin birinci yarısında isə agentlik 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirib. Nəticədə ümumilikdə 162 milyon 11,12 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10 milyon 220,8 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.

"Brent" nefti 100 dolları keçdi ƏLAQƏLİ
Bunu da oxu

"Brent" nefti 100 dolları keçdi

24.07.2026 - 11:44

Agentliyin cari ilin birinci yarısına dair hesabatı hələ açıqlanmayıb. Lakin birinci rüb üzrə göstəricilər aşkarlanan qanunsuzluqların miqyasının daha da genişlənməsindən xəbər verir. 2026-cı ilin 1-ci rübündə qurum 48 təşkilatda maliyyə nəzarəti tədbirlərini başa çatdırıb: Əsassız və artıq xərclənmiş 83,7 milyon manat dövlət vəsait bərpa olunub, ilkin maliyyə nəzarəti yolu ilə daha 2,6 milyon manatın əsassız xərclənməsinin qarşısı alınıb.

Dövlət maliyyəsinə münasibətdə aşkarlanan qanunsuzluq faktlarının və onların əhatə etdiyi vəsaitlərin məbləğinin artması bir neçə amildən qaynaqlanır. Ən birinci amil Azərbaycanın əsas gəlir mənbəyi olan neftin hasilat və ixrac həcmlərinin kəskin azalmasıdır. Bu azalma ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaradır, bunlardan biri də dövlət büdcəsi vasitəsilə xərcləmələrin azalmasıdır. Hökumət azalan gəlirlər fonunda mövcud resursların korrupsiyadan qorunmasının vacibliyini anlayaraq, xərcləmələrə nəzarəti gücləndirir. Bu proses Maliyyə Nazirliyində rəhbər dəyişikliyindən sonra xüsusilə güclənib.

Ötən ilin sonlarında dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, dövlət büdcəsinin gəlir və xərclərinə ciddi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutan mühüm sənədlər imzalanıb. Eyni zamanda bu ilin yanvarında Prezident fərmanı ilə Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin əsasnaməsi təsdiqlənib.

Sistemin “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi” altsistemi dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, dövlət büdcəsində dövlət investisiya xərclərinin ortamüddətli göstəricilərinin, dövlət büdcəsinin əsaslı xərclərinin, habelə dövlət investisiya proqramına daxil olan layihələrin maliyyə təminatının müəyyən edilməsi, onların icra vəziyyətinin real vaxt rejimində izlənilməsi, sosial-iqtisadi inkişaf konsepsiyaları, strategiyaları və dövlət proqramları çərçivəsində icra olunan tədbirlərin maliyyə göstəricilərinin proqnozlaşdırılması və monitorinqi üçün məlumatların əldə edilməsini və onların emalını təmin edir.

Əsasnaməyə görə, Maliyyə Nazirliyinə RDMİS-in fəaliyyətini təmin etmək üçün çox geniş məlumatların təqdim edilməsi nəzərdə tutulur. Bura vergi ödəyicisi barədə məlumatlardan (hüquqi və fiziki şəxsin adı, VÖEN-i, fəaliyyət növü, vergi ödəyici statusu, dövlət qeydiyyatına alındığı tarix, hüquqi ünvanı, hesabat təqdimetmə tarixi, təsdiqlənmiş vergi bəyannamələri) tutmuş, dövlət satınalmalarının iştirakçısı olan vergi ödəyicisi tərəfindən malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı tərtib edilən elektron qaimə-fakturalar; dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda nəqliyyat vasitələri barədə (markası, modeli, rəngi, növü, buraxılış ili, mühərrik həcmi, texniki baxış (saz, nasaz) məlumatları); gömrük bəyannamələri (nömrəsi, malın adı və kodu, miqdarı, mənşə ölkəsi, gömrük dəyəri, hesablanan və ödənilən gömrük ödənişləri, o cümlədən vergi və gömrük sahələrində güzəşt və azadolmaların qiymətləndirilməsi üçün zəruri məlumatlar), habelə gömrük borcları barədə; torpaq sahəsi, əkin növü, subsidiyanın məbləği, verilmə tarixi, müqavilə nömrəsi, fermer təsərrüfatının statusu barədə; auditi aparılmış təsərrüfat subyektləri barədə məlumatlara qədər çoxsaylı informasiyalar daxildir.

Aydın məsələdir ki, Maliyyə Nazirliyi bu məlumatlara sahib olduqdan sonra həm dövlət büdcəsi gəlirlərinin hesablanması və tam təmin olunmasına, həm də onları xərcləyən qurumların işinə mühüm nəzarət imkanları əldə edir. Bu imkanlar real olaraq büdcə pullarının korrupsiya yeminə çevrilməsinin qarşısını almağa yönəldiləcəksə, yaxın və ortamüddətli dövrlərdə daha böyük maliyyə pozuntularının aşkarlanmasının şahidi olacağıq.

Vüqar Gülməmmədov deputatlara etirazını BİLDİRDİ | Modern.az

Maliyyə Nazirliyinin sahib olacağı informasiya bazası öz növbəsində Hesablama Palatasının yoxlama tədbirlərində effektivliyin artması üçün zəmin yaradacaq.

Palatanın rəhbəri Vüqar Gülməmmədovun Modern.az-a dediyinə görə, aşkarlanan qanunsuzluq faktları arasında büdcə qanunvericiliyinin pozulması və dövlət satınalmaları sahəsindəki nöqsanlar üstünlük təşkil edir: «Bununla yanaşı, əsaslı vəsait qoyuluşu, vergi və gömrük qanunvericiliyi, eləcə də dövlət əmlakının istifadəsi üzrə nöqsanlara da çox rast gəlinir».

Palata sədri bildirir ki, audit nəticələri hər bir qurumda nöqsanlara rast gəlindiyini göstərir, sadəcə bu nöqsanların məzmunu qurumlar üzrə fərqli olur. Satınalmalar, əsaslı vəsait qoyuluşu, əməyin ödənişi ilə bağlı nöqsanlara isə demək olar ki, bütün təşkilati-hüquqi formaya malik qurumlarda rast gəlinir: «Dövlət satınalmalarında bir mənbədən satınalmaların yüksək paya malik olması diqqətə alınmalı məqamdır. Bu metod qanunvericilikdə nəzərdə tutulmuş hallarda tətbiq edilsə də, onun geniş istifadə olunması rəqabət mühitinin zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, satınalmaların əsasən ilin ikinci yarısında cəmləşməsi və satınalma proseslərinə ilin əvvəlində kifayət qədər erkən başlanılmaması da rast gəlinən problemlərdəndir. Bu hallar həm büdcə vəsaitlərinin daha səmərəli planlaşdırılmasına, həm də satınalma prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, çərçivə sazişləri kimi daha çevik satınalma alətlərindən məhdud istifadə edilməsi də sistemdə inkişaf etdirilməsi vacib olan istiqamətlərdəndir. Daha bir məsələ ləğv edilmiş satınalmaların sayı və məbləğidir. 2025-ci ildə təxminən 500 milyon manat məbləğində 1360 satınalma ləğv edilib. Bu məsələ üzrə təhlil aparırıq. İlkin gəldiyimiz nəticələr bundan ibarətdir ki, ləğv olunmuş satınalmaların sonradan keçirilməməsi halı üstünlük təşkil edir».

Bir məsələni də qeyd etməyə dəyər ki, maliyyə pozuntularının aşkarlanması ilə yanaşı, onlara yol verənlərin layiq olduqları cəzanı alması da dövlət vəsaitlərinin mənimslənilməsi faktlarını azaltmaq baxımından mühüm əhəmiyyət kəsb edir: Korrupsiyaya yol verən şəxslər sərt cəza almadığı, yaxud onların aldıqları cəzalardan vaxtından çox əvvəl azad olunması praktikası davam etdiyi müddətdə dövlət vəsaitinə haram gözlə baxılmasına son qoyulmayacaq…

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: