21.08.2026 - 23:50
Ölkə 20 baxış

Goranboy: Qədim tarix və mədəniyyətin beşiyi

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Goranboy, əsrlərin izlərini və müxtəlif inanclı tayfaların məskunlaşma tarixini özündə birləşdirir. Coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bu rayon, əsrlər boyu böyük başların toplantı məkanı olmuş, bütöv ölkənin və millətin taleyinin müəyyənləşdirilməsinə şahidlik etmişdir. Goranboy adı ilk dəfə antik tədqiqatçı Strabonun “Coğrafiya” əsərində göstərilən “ger” tayfasının adı ilə əlaqələndirilir.

Minval.info xəbər verir ki, qədim dövrlərdən bəri Goranboy ərazisi Cənubi Qafqazda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların yaşadığı bir region olub. Rayonda aşkarlanan arxeoloji tapıntılar burada insan məskənlərinin eramızdan əvvəlki dövrlərə qədər uzandığını göstərir. Goran stansiyasından 2,5 km şimalda eramızdan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları var. Mərkəzdən 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri, Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni yerləşir.

Rayonun ərazisi qədim zamanlarda Qafqaz Albaniyası dövlətinin tərkibində olub və burada müxtəlif qəbilələr, o cümlədən albanlar və türk tayfaları məskunlaşıb. Sonrakı dövrlərdə də Goranboy Azərbaycan tarixində mühüm rol oynayan hadisələrlə zəngin olub. Orta əsrlərdə bölgə Səfəvilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olub. XIX əsrdə isə bu ərazi Çar Rusiyası tərəfindən işğal edilib.

Goranboyun 80-ə yaxın kəndi var, amma bunların içində ən məşhuru Gülüstan kəndidir. 1813-cü ildə Rusiya və İran arasında Gülüstan sülh müqaviləsi burada yerləşən XII əsrə aid tarixi Gülüstan qalasında imzalanıb. Bu müqavilə ilə Azərbaycan ikiyə bölündü və sinəsində Araz boyda yara açıldı. Goranboyun qədim alban məbədlərindəki yazılar dəyişdirilərək ermənilər tərəfindən öz adlarına çıxılıb.

Goranboy rayonunun tarixi təkcə müharibələr və müqavilələrlə deyil, həm də zəngin mədəniyyəti, alimləri, yazarları ilə seçilir. Rayon Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ziyalıların və döyüşçülərin vətənidir. Goranboy həmçinin el şairləri, yazıçıları və incəsənət xadimləri ilə də məşhurdur. Azərbaycan şairi Əli Nəzmi, maarifçi Əsgər ağa Gorani, yazıçı İsmayıl Qarayev, ilk azərbaycanlı rejissor qadın Ulduz Rəfili, şairə Xanım İsmayılqızı, dilçi alim Mikayıl Rəfilini buna misal göstərmək olar.

Goranboyun adı 1930-cu ilədək Goranboy-Əhmədli adlandırılıb, daha sonra 1991-ci ilə qədər Qasım İsmayılov adı ilə tanınıb. Azərbaycanın müstəqilliyindən sonra Goranboyun tarixi adı bərpa edilib. “Goran” hissəsi müxtəlif mənbələrə görə fərqli mənalar daşıyır. Bəzi mənbələrdə “goran” sözü “Kitabi-Dədə Qorqud”da işlədilən “gor” sözü ilə bağlanır, “məzar yeri, insanın son məskəni” anlamında başa düşülür. Digər alimlər isə “goran” sözünü türk-monqol dillərində işlənən “güryan” sözündən yarandığını, “düşərgə, ordugah, müharibə edən tərəf” mənasını verdiyini bildirirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: