DİN rəsmisi: “DİN rəhbərliyinin tələbi budur ki, vətəndaşların bütün müraciətlərinə baxılsın və problemləri operativ surətdə həll edilsin”

Gəncə şəhəri Məmmədyarov küçəsi, ev 69-da yaşayan 35 yaşlı Sevinc Zülfüqarova redaksiyamıza müraciət edib. Gəncə sakini bildirib ki, dəfələrlə oğrular tərəfindən evi soyulub, amma oğrular hələ tapılmır:

“İlk dəfə 2016-cı il sentyabrın 25-də oğrular evi soymuşdu. Bununla bağlı Daxili İşlər Nazirliyinə, Kəpəz Rayon Polis İdarəsinə dəfələrlə müraciət etsəm də, oğrular tapılmadı. Bu ilin fevral ayında yenidən evə girib, 6-7 min dəyərində cehiz əşyalarını oğurladılar”.

Gənc qadının dediyinə görə, oğurluq hadisəsi ilə bağlı polisə müraciət etdiyi günün axşamı evi yenidən soyulub:

“Təsəvvür edin, polisə şikayət etdim, gəlib evə baxış keçirdilər, şikayətim qeydə alındı, axşam evimdən paltaryuyanı oğurladılar.

Avqust ayında isə evə girərək, hamamdan suqızdırıcını söküb aparıblar. Yəni dəfələrlə bir evdən oğurluq olunub, amma oğrular ələ keçməyib. Bununla bağlı  DİN-in 102 xidmətinə də şikayət etmişəm, amma heç bir yenilik yoxdur, sanki məsələyə ciddi yanaşılmır. Sonuncu dəfə “ptinimutka” oğurlananda polis mənə bildirdi ki, onun dəyəri 100 manat olduğundan oğurlanması cinayət xarakteri daşımır. Bəs digər əşyalar, məgər onların da oğurlanması cinayət xarakteri daşımır?”

Gəncə sakini aidiyyəti orqanlardan məsələnin araşdırılması ilə bağlı köməklik göstərilməsini xahiş edib.

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, oğurlanan əşyanın 100 və yaxud 10 manat dəyərində olması məsuliyyəti kənarlaşdırmır. Ortada cinayət işi var və bu mütləq araşdırılmalıdır: “Doğrudur, 100 manat dəyərində olan əmlakın oğurlanması cinayət tərkibi yaratmasa da, bu, o demək deyil ki, oğru şəxs cəzasız qalmalıdır. Digər məsələ, əşyanın dəyərləndirilməsi və sairə haqqında zərərçəkmiş şəxsə rəsmi surətdə protokol təqdim olunmalıdır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Zərərçəkmiş şəxs hadisələrə ciddi yanaşılmadığını gördükdə DİN-in qaynar xəttinə və digər aidiyyəti orqanlara müraciət etməlidir”.

Ehsan Zahidov ile ilgili görsel sonucu

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da açıqlama verərək bildirdi ki, şəxs hər hansı qanun pozuntusu ilə rastlaşdıqda DİN-in qaynar xəttinə və yaxud şəxsən nazirliyə müraciət etməlidir: “DİN rəhbərliyinin də tələbi budur ki, vətəndaşların bütün müraciətlərinə baxılsın və problemləri operativ surətdə həll edilsin. O ki qaldı oğurlanan əşyanın 100 manat dəyərində olması, bunun məsələyə dəxli yoxdur. İstənilən halda bütün hadisələr araşdırılaraq, hüquqi qiymət verilməlidir”.