“Kripto kraliçası” kimi tanınan Ruja İqnatova FTB-nin ən çox axtarılanlar siyahısına salınıb.

Sfera.az bildirir ki, İqnatova “bitcoin” ilə rəqabət aparacaq kriptovalyuta hazırladığını deyərək minlərlə insanı aldadıb. Hesablamalara görə, 2014-cü ilin avqustundan 2017-ci ilin martına qədər Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstinə kimi onlarla ölkədən milyardlarla avro “OneCoin”ə daxil olub.

Gənc qadın “Ponzi” adlanan sxemlə 2017-ci ildə yoxa çıxana qədər 4 milyard dollar qazanıb. FTB daha geniş ictimaiyyətdən məlumat almaq üçün Rujanı “ən çox axtarılanlar siyahısına” əlavə edib və bolqar qadının həbsinə töhfə verəcək şəxslərə 100 min dollar mükafat vəd verib. Qeyd olunub ki, Ruja bu siyahıdakı yeganə qadındır.

Məlumata görə, İqnatova 2019-cu ildə səkkiz müxtəlif bank cinayətinə görə məsuliyyətə cəlb edilib. “BBC”nin müxbiri Jamie Bartlett, fırıldaqçı qadının ən azı 500 milyon dollarla qaçdığını və buna görə də indiyə kimi tapılmadığını vurğulayıb: “Bolqar qadın yüksək keyfiyyətli şəxsiyyətlərdən istifadə edir. Güman ki, o, xarici görünüşünü də dəyişir”.

Qeyd edək ki, İqnatova sonuncu dəfə 2017-ci ildə Bolqarıstandan Yunanıstana uçan təyyarəyə minərkən görüntülənib.