06.10.2026 - 12:01
Fransada anomal isti 16 milyard avro zərərə səbəb olub
İqtisadiyyat 1 baxış

Fransada anomal isti 16 milyard avro zərərə səbəb olub

2026-cı ilin yayında Fransada baş verən anomal isti dalğası ölkəyə təxminən 16 milyard avro, yəni 30 milyard manat zərər vurub. Bu barədə “Yenilməz Fransa” partiyasının deputatı Erik Kokrel parlament komissiyasının hesablamalarına istinad edərək açıqlama verib.

Minval.info xəbər verir ki, “Le Monde” qəzetinə görə, bu məbləğ ekologiya naziri Monik Barbyunun avqust ayında verdiyi ilkin qiymətləndirmədən daha yüksəkdir. Deputat Kokrel bildirib ki, bu hesablamalar müxtəlif növ xərcləri əhatə edir və bəzi məbləğlər təkrarlana bilər.

Ən böyük zərər kənd təsərrüfatı sahəsinə dəyib. Aqrar həmkarlar ittifaqlarının məlumatına əsasən, bu sahənin ümumi itkiləri təxminən 10 milyard avro təşkil edib. Dövlətin verdiyi subsidiyalar nəzərə alındıqda, fermerlərin xalis zərəri 8,7 milyard avro qiymətləndirilib.

İsti havanın Fransanın iqtisadi artımına təsiri Maliyyə Nazirliyi tərəfindən ÜDM-də təxminən 0,1 faiz bəndi səviyyəsində qiymətləndirilib ki, bu da təqribən 3 milyard avroya bərabərdir. Dövlətin gözlənilməz xərcləri isə ən azı 2,5 milyard avro olub. Bu məbləğə fermerlərə 1,3 milyard avro yardım, səhiyyəyə təxminən 700 milyon avro və meşə yanğınları ilə bağlı xərclər daxildir.

Səhiyyə xərcləri 2003-cü ildəki analoji istilərin statistikasına əsaslanaraq komissiya tərəfindən hesablanıb. Tibbi sığortaya əlavə xərclər 200 milyon avro, xəstəxanalara 100 milyon avro, qocalar evləri və tibbi-sosial müəssisələrə isə 260-520 milyon avro təşkil edib.

Ev təsərrüfatlarının xərcləri də artıb. Yanğınlarla bağlı sığorta ödənişləri ən azı 500 milyon avro, ventilyator və kondisionerlərdən istifadəyə görə elektrik xərclərinin artımı isə 800 milyon avroya çatıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: