“Bu 30 illik dövr göstərdi ki, “Yeni Müsavat” əbədi yaşardır”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Park İnn oteldə keçirilən 30 illik yubiley tədbirində çıxışı zamanı səsləndirib.

Çıxışına yubiley münasibətilə təbriklərini çatdırmaqla başlayan MŞ sədri qeyd edib ki, Azərbaycan tarixində, eləcə də ölkənin media tarixində “Yeni Müsavat” öz yerini qoruyub saxlayacaq: “Yeni Müsavat” Azərbaycan Mətbuat Şurasının təsisçilərindən biridir. Onun rəhbəri, dostum Rauf Arifoğlu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətində təmsil olunur. Ona görə də, Mətbuat Şurası sonuncu iclasını “Yeni Müsavat”ın 30 illik yubileyinə həsr etdi , təbrik etdik, tort kəsdik, plaket təqdim etdik. Bütün İdarə Heyəti üzvləri “Yeni Müsavat”la bağlı, onun peşəkar kollektivi ilə bağlı çoxsaylı fikirlər söylədilər. Onlardan biri Akif Aşırlı söylədi ki, “Yeni Müsavat” tarixdir, Azər Həsrət isə dedi ki, “Yeni Müsavat” salnamədir və “Yeni Müsavat”çılar salnaməçilərdir. Doğrudan da “Yeni Müsavat” mediamızın tarixidir, mediamızın salnaməsidir, xalqımızın tarixidir, xalqımızın salnaməsidir. Əgər o tarix həqiqi tarixdirsə, millidir, ümummillidir. Deməli, “Yeni Müsavat” da milli və ümummilli qəzetdir”.

Ə.Amaşov vurğuladı ki, siyasi yönümündən və yaşından asılı olmayaraq kimin üçün xalqı maraqlıdırsa, kim fikrini xalqa çatdırmaq istəyirsə, “Yeni Müsavat” həmin insanların tribunasıdır: “Söylədilər ki, “Yeni Müsavat” məktəbdir. Həqiqətən Azərbaycanda elə bir televiziya və ya radio, qəzet , agentlik, xəbər portalı yoxdur ki, nə vaxtsa “Yeni Müsavat”da işləyən jurnalistlər indi orada işləməsin. Həmin tədbirdə Vüsalə Mahirqızı söylədi ki, “Yeni Müsavat” brenddir. Bəli, “Yeni Müsavat” bu gün Azərbaycan mediasında əvəzolunmaz bir brenddir. Hər kəs “Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlu haqqında dəyərli fikirlər söylədilər. Rauf Arifoğlu və “Yeni Müsavat” bir almanın iki ayrı hissəsidir. Rauf Arifoğlu yeniliyi görən insandır, nə zaman onlayn media meydana gəldi, R.Arifoğlu “Yeni Müsavat”ın saytını yaratdı, nə zaman ki, oxucu hadisələri daha yaxşı görmək üçün foto tələb etdi, “Yeni Müsavat”ın saytı fotolarla bəzəndi. Nə zaman ki, tələbkar oxucu hərəkət görmək istədi, “Yeni Müsavat”da videolar təqdim edildi. Oxucu , tamaşaçı öz problemini canlı görmək istədi, “Yeni Müsavat” televiziyası yarandı. Hazırda “Yeni Müsavat” qəzeti, xəbər portalı və televiziyası Azərbaycanda ən baxımlı media orqanlarıdır. Bütün bunlara görə, “Yeni Müsavat” regionun aparıcı mediasına və brendinə çevrildi. Mən “Yeni Müsavat”ın qəhrəman kollektivini və rəhbərliyini təbrik edirəm”.